Bakıda Beynəlxalq Miqrant Gününə həsr edilən rəsmi tədbir keçirilib

Bakıda Beynəlxalq Miqrant Gününə həsr edilən rəsmi tədbir keçirilib

Bu gün Beynəlxalq Miqrasiya Təşkilatı, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti və Ombudsman Aparatının birgə təşkilatçılığı ilə Bakıda Beynəlxalq Miqrant Gününə həsr edilən rəsmi tədbir keçirilib.

Tədbirin açılışında çıxış edən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbər əvəzi Serhan Aktoprak bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanda miqrantların insan hüquqlarının təmin olunması sahəsində fəaliyyət göstərən hökumət qurumlarının, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəhbər nümayəndələrini bir araya gətirmək və effektiv müzakirələr aparmaqdır: "Bu tədbirdə birgə fəaliyyət diqqət mərkəzində olacaq. Bildiyiniz kimi, 2012-ci ilin noyabrında Beynəlxalq Miqrasiya Təşkilatının 102-ci sessiyasında miqrasiya ilə bağlı fövqəladə hallarda fəaliyyətlə bağlı sənəd qəbul edilib".

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova isə deyib ki, Ombudsman Aparatı üçün miqrantların hüquqlarının qorunması prioritet məsələlərdəndir.

E.Süleymanova ölkədə fəaliyyət göstərən dövlət orqanları, beynəlxalq təşkilatlar, QHT-lər və icmalarla birgə şəbəkə şəklində əməkdaşlığın zəruriliyini, miqrantların hüquqlarının müdafiəsinin, onlara yaş və cins baxımından həssas yanaşmanın vacibliyini, geniş maarifləndirmə işi aparılmasını, müvafiq hüquqi nəşrlərin hazırlanmasının zəruriliyini bildirib.

Müvəkkil sığınacaq axtaran miqrantlara hüquqi və psixoloji yardımların göstərilməsinin, miqrantların müxtəlif qrupları üzrə təlim-tədris mərkəzlərinin yaradılmasının, habelə saziş qurumlarına və başqa beynəlxalq təşkilatlara dövlət hesabatlarının hazırlanmasına vətəndaş cəmiyyətinin iştirakı ilə, ictimai dinləmələr şəklində, konkret aspektlər üzrə miqrantları da cəlb etməklə müzakirələrin keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Ombudsman miqrantlarla iş aparılarkən dinamikaya diqqət yetirilməsinin zəruriliyini, ölkəmizdə miqrantların sayının və onların axınının tez-tez dəyişdiyini, miqrantların təkcə sayına deyil, həm də gəlmə səbəblərinə diqqət yetirməyin vacibliyini qeyd edib.

Daha sonra Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəis müavini Pərviz Musayev isə Beynəlxalq Miqrant Günü ilə bağlı keçirilən tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb və Azərbaycanda miqrasiyanın vəziyyətindən danışıb.

Xatırladaq ki, 2000-ci ildən bəri Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə hər il 18 dekabr Beynəlxalq Miqrant günü kimi qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə