Mərakeşin "Əl-İslah və ət-Tənmiyə" (İslahat və İnkişaf) qəzetində III Bakı Beynəlxalq Humanitar Forumu ilə bağlı məqalə dərc edilib. Məqalənin müəllifi qəzetin redaktoru, Forumun iştirakçısı Əhməd Motşudur.
Müəllif Forumda 70-dən çox ölkədən yüzlərlə ictimai-siyasi xadimin, Nobel mükafatı laureatlarının, tədqiqatçıların, aparıcı media nümayəndələrinin iştirak etdiklərini diqqətə çatdırır. Bildirilir ki, Forumun açılışında Prezident İlham Əliyev nitq söyləyərək qloballaşma dövründə dünyada insan haqlarının qorunmasına, beynəlxalq əməkdaşlıq məsələlərinə, müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar arasında dialoqa lazımi diqqət göstərilməsinin, sülh və tolerantlıq dəyərlərinin yayılmasında yaxından iştirak etməyin vacibliyini vurğulayıb, bu baxımdan tədbirin əhəmiyyətini qeyd edib.
Dövlətimizin başçısının Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonrakı ilk illərdə üzləşdiyi problemlər, keçid dövründə yaşadığı çətinliklər, regionun lider dövlətinə çevrilmiş ölkəmizdə hazırda gedən sürətli inkişaf prosesləri haqqında fikirləri də oxucuların diqqətinə çatdırılır.
Müəllif əlavə edir ki, Prezident İlham Əliyev, həmçinin Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunduğunu, bir milyondan çox qaçqın və məcburi köçkünün doğma yurdlarından didərgin düşdüyünü, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnaməyə rəsmi Yerevanın məhəl qoymadığını söyləyib.
Məqalədə İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycrinin Forumun açılışındakı çıxışına da yer verilib. Müəllif yazır ki, İSESCO-nun baş direktoru Prezident İlham Əliyevin istər regional, istərsə də beynəlxalq səviyyədə sülhün təşviqinə böyük önəm verdiyini, tolerantlığın və dialoqun inkişafı istiqamətində mühüm səylər göstərdiyini vurğulamış, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərar və qətnamələrə Ermənistanın hörmət etməməsindən təəssüfləndiyini bildirib.
Müəllif Forum çərçivəsində müxtəlif aktual məsələlərə həsr olunmuş "dəyirmi masa"ların da təşkil edildiyini bildirir, III Bakı Beynəlxalq Humanitar Forumunun sivilizasiyalar arasında dialoq və tolerantlığın yaranmasında körpü rolu oynayacağına əminliyini ifadə edir, bu tədbirin humanitar və mülki hüquqların pozulması kimi halların qarşısının alınmasına öz töhfəsini verəcəyini vurğulayır.
Forum çərçivəsində iştirakçıların Azərbaycanın Naxçıvan, Gəncə, Qəbələ, Quba və Lənkəran kimi regionlarına səfərinin təşkil edildiyini xatırladan Ə.Motşu ölkəmizdə çox qədim tarixə malik olan mədəniyyət abidələrindən bəhs edir, Qafqaz dağları boyunca gözəl Azərbaycan təbiətindən söz açır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB