General-mayor Məhəmməd Abbasquliyev II Fəxri xiyabanda dəfn olunub
Bu gün Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, general-mayor Məhəmməd Abbasquliyev II Fəxri xiyabanda dəfn olunub. SİA-nın məlumatına görə, generalın dəfn mərasiminə DSX rəisi, general-leytenant Elçin Quliyev, Azərbaycan prezidentinin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) rəisi, general-leytenant Arzu Rəhimov, Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Ramiz Tahirov, Türkiyənin Azərbaycandakı hərbi attaşesi, general-mayor Hasan Nevzat Taşdələr, digər güc strukturlarının nümayəndələri və mərhumun yaxın qohumları iştirak edib.
Mərhum yaşadığı binanin qarşısında keçirilən vida mərasimindən sonra dəfn olunmaq üçün II Fəxri xiyabanda aparılıb.
Hərbi qaydalara uyğun təşkil olunmuş mərasimdə DSX rəisi E. Quliyev M. Abbasquliyevin tabutu üzərinə çəkilmiş Azərbaycan bayrağını onun oğluna verib. Dəfndən sonra Azərbaycanın dövlət himni səsləndirilib, yaylım atəşi açılıb.
Mərasimdə çıxış edən DSX rəisinin müavini, general-mayor Asif Cəbrayılov M. Abbasquliyevin Sərhəd Mühafizəsinin inkişafındakı rolundan və vətənə xidmətlərindən danışıb. Bildirib ki, mərhum 1982-ci ildə Qaraqala kənd orta məktəbini bitirdikdən sonra Donetsk Ali Hərbi-Siyasi Mühəndis və rabitə Qoşunları Məktəbinə daxil olub. Bu məktəbi bitirdikdən sonra 1993-cü ilə qədər Sovet Ordusu sıralarında xidmət edib. 1994-cü ildən 2001-ci ilədək Azərbaycan Sərhəd Qoşunlarının Naxçıvan sərhəd dəstəsində zabit vəzifələrində çalışıb. 2001-2004-cü illərdə Naxçıvan sərhəd dəstəsinin rəisi olub. Azərbaycan prezidentinin sərəncamları ilə 6 aprel 2004-cü il tarixində DSX-nin Naxçıvan Sərhəd Diviziyasının komandiri, 16 yanvar 2008-ci ildə isə Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini, 18 avqust 2008-ci ildə isə DSX rəisinin şəxsi heyət üzrə müavini, Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib. 2004-cü il iyul ayının 30-da Azərbaycan prezidentinin sərəncamı ilə M. Abbasquliyevə general-mayor hərbi rütbəsi verilib.
DSX rəisi, general-leytenant Elçin Quliyev isə çıxışında deyib ki, M. Abbasquliyevin timsalında Azərbaycan Sərhəd Mühafizəsi peşəkar, vətənpərvər zabitini itirib: "General Məhəmməd Abbasquliyev "Hər şey vətən üçün" deyən və canını bu Vətənə fəda etməyə hazır zabitlərimizdən idi. O, DSX-də həyata keçirilən quruculuq işlərində mühüm rol oynayıb. Onun xatirəsi hər zaman yaşayacaq".
Prezidentin təhlükəsizlik və müdafiə məsələləri üzrə köməkçisi, general-leytenant Vahid Əliyev isə Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin başsağlığını çatdırıb. Həmçinin qeyd edib ki, M. Abbasquliyevlə Naxçıvanda bir yerdə işlədiklərini, mərhumun hər zaman öz peşəsinə məsuliyyətlə yanaşdığını, dövlətinə, millətinə, Ali Baş Komandana sadiq zabit olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB