Radiasiya Problemləri İnstitutunun atom enerjisi ilə bağlı yeni nəticələri
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov "Radiasion katalitik proseslərdə səthi səviyyələrin enerji daşınma proseslərinə təsiri və nanokatalizatorların perspektivləri" mövzusunda məruzə ilə çıxış edib.
O bildirib ki, institutda enerji tutumlu kimyəvi prossesləri həyata keçirmək üçün ionlaşdırıcı şüaların enerjisinin istifadəsi istiqamətində böyük elmi və praktiki əhəmiyyət kəsb edən yeni nəticələr alınıb: "Son illərdə Atom-hidrogen energetikası istiqamətində böyük əhəmiyyət kəsb edən sudan universal enerji daşıyıcısı olan Hidrogenin radiasiya-katalitik üsulla alınması proseslərində nano ölçülü katalizatorlar istifadə etdikdə klassik ölçülü katalizatorlara nisbətən reaksiyanın sürəti və hidrogenin energetik çıxımının 10-15 dəfə artması faktı aşkar edilib".
Onun sözlərinə görə, nəticələr nano-texnologiyalar və nano-materialların müxtəlif sahələrdə tətbiqinin elmi əsaslarının işlənməsində istifadə oluna bilər: "Nano materialların müxtəlif elmi və texniki sahələrdə yüksək göstəriciləri aşkar olunan mexanizm əsasında izah olunur. Aşkar olunan nəticələr radioaktiv şüa mənbələrinin təhlükəsiz və yüksək effektivliklə çevirib istifadəsinə imkan verir. Belə ki, proses nəticəsində nüvə enerjisi hidrogenin kimyəvi enerjisinə çevrilir. Bu da gələcəkdə IV nəsil nüvə reaktorlarında elektrik enerjisinin aralıq hidrogen vasitəsi ilə təhlükəsiz və effektiv çevrilməsində böyük əhəmiyyət kəsb edir".
Qeyd edək ki, alimin məruzəsi bəyənilib, effektin digər kimyəvi, fiziki və bioloji proseslərdə sınaqdan çıxarılması və bu sahədə nanosistemlərin geniş tətbiqi məqsədi ilə elmi tədqiqat işlərini genişləndirmək qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB