Bu həftə QOÇLARIN yolları şaxələnəcəkdir. Uğur qazanmağınız düzgün seçiminizdən asılı olacaqdır. Bəzi yollar asan, bəziləri isə mümkünsüz görünəcəkdir. Belə olan halda yalnız özünüzə güvənməlisiniz. Qərarınızı verdikdən sonra heç nəyə təəssüflənməməlisiniz.
BUĞALARA keçmiş qərarlara, işlərə və hadisələrə yeni gözlə baxacaqlar. Əməllərinizə görə cavab vermək və gələcək addımlarınız barədə düşünmək vaxtı gəlib çatıb. İş üsullarınızı, biznesinizin zəif və güclü tərəflərini təhlil edin. Yalnız işlərinizi əsaslı şəkildə saf-çürük etdikdən sonra biznesinizdə yeni səhifə aça bilərsiniz. Sizi uğur gözləyir.
Ulduzlar ƏKİZLƏRƏ açıq mübarizədən çəkinməyi, ehtiyatlı taktika yeritməyi məsləhət görür. Rəqiblərlə kəllə-çarxa çıxmaq gözlənilən nəticəni verməyəcək. Yaxşı olar, məqsədinizə altdan-altdan iş görməklə, mürəkkəb manevrlərlə nail olasınız. Münaqişələrdən mümkün qədər uzaq olun. Gərginlik və əsəbilik maliyyə itkiləri ilə nəticələnəcəkdir.
XƏRÇƏNGLƏRİN başında həmişə olduğu kimi cürbəcür ideyalar dolaşır. Daha əvvəl başladığınız işləri məntiqi sonluğa çatdırmaq üçün indi ən münasib vaxtdır. Siz bütün maneələri asanlıqla dəf edəcəksiniz, amma keçmişdəki səhvlərə yol verməmək üçün tələsmədən hərəkət etməlisiniz. Unutmayın ki, tələsən təndirə düşər.
ŞİRLƏRİN vəzifələrinə laqeyd yanaşmaları acınacaqlı vəziyyətə gətirib çıxara bilər. İşlərinizi öz axarına buraxmayın. İstirahət günlərini dostlarınızın və yaxınlarınızın əhatəsində keçirin. Məsləhətinizlə onlara kömək edə bilərsiniz.
Həftə QIZLAR üçün bir o qədər də uğurlu olmayacaq. Yaxşı olar, ideya və planlarınızı ayın sonuna saxlayasınız, çünki indi taleyüklü qərarlar üçün münasib vaxt deyildir. Məyus olmayın. Bu günlər qiymətli informasiya alacaqsınız. Gələcəkdə onun sayəsində professional fəaliyyətdə böyük uğur qazanacaqsınız.
TƏRƏZİLƏR, işinizi sevimli hobbinizə çevirə bilsəniz, ofisdə və ya müəssisədə keçirdiyiniz vaxt hiss olunmadan ötüb keçəcək, işinizin səmərəsi isə xeyli yüksələcəkdir.
ƏQRƏBLƏR yeknəsəq həyatdan bezməyə başlayıblar. Dostlarınız və doğmalarınızla söhbətlər sayəsində məyusluq hissindən əsər-əlamət qalmayacaqdır. Birgə fəaliyyət xoş anlar bəxş edəcək, gördüyünüz işlərin nəticəsi ovqatınızı yüksəldəcəkdir.
OXATANLAR gözlənilmədən maraqlı əməkdaşlıq təklifi alacaqlar. İlk baxışda çox sərfəli layihəyə bənzəyəcək. Ancaq sizinlə işləmək istəyən adama diqqətlə baxmalısınız. Əvvəllər onunla işləmədiyiniz üçün bu cəlbedici təklifi qəbul etməmişdən əvvəl hər şeyi yüz ölçüb bir biçməlisiniz.
OĞLAQLAR bu həftə nəfəslərini dərə bilməyəcəklər. Bəzi öhdəliklərə barmaqarası baxmaq olmaz. İşin sizə aid olan qismini görəndən sonra etibarlı tərəfdaş kimi ad qazanacaqsınız. Ona görə də işin çətinliyi sizi qorxutmamalıdır. Bir balaca dincəldikdən sonra hər şey yağ kimi gedəcəkdir.
DOLÇALAR yorucu öhdəliklərini yerinə yetirmək üçün gərgin işləməlidirlər. Həyatınızı həqiqətən yaxşılaşdırmaq istəyirsinizsə, ya yoruldum demədən çalışmalı, ya da əldə etdiklərinizlə kifayətlənməlisiniz. Qərar sizindir.
Həftənin əvvəlində BALIQLARIN işləri sanki tilsimə düşəcək. Problemlərinizi xoş ovqatla həll etməyə başlasanız, sizi təqib edən uğursuzluqlar geri çəkiləcəkdir. Qayğılardan uzaqlaşmaq yollarından biri kollektiv şəkildə çalışmağı bacarmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB