Kənd təsərrüfatı naziri Gürcüstandan olan nümayəndə heyəti ilə görüşüb

Kənd təsərrüfatı naziri Gürcüstandan olan nümayəndə heyəti ilə görüşüb

Bu gün Azərbaycanda səfərdə olan Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib. SİA-ya verilən məlumata görə, səfər çərçivəsində kənd təsərrüfatı naziri Heydər Əsədov Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiyanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan və Gürcüstan arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin gələcək inkişaf perspektivlərinin müzakirəsi olub.

Nazir Heydər Əsədov Azərbaycan və Gürcüstan arasında münasibətlərin Ulu öndər Heydər Əliyevin sayəsində daha da möhkəmləndirildiyini və bu gün bu münasibətlərin Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirildiyini qeyd edib. O, dövlət tərəfindən aqrar sahəyə göstərilən diqqət və qayğıdan, həyata keçirilən layihələrdən danışıb.

Azərbaycan və Gürcüstan arasında tarixən formalaşan dostluq və tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən nazir Heydər Əsədov iki ölkə arasında kənd təsərrüfatı sahəsində mövcud əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin zəruri olduğunu bildirib. Nazir Heydər Əsədov yeni sitruslar, çay və üzüm sortlarının genetik materialları ilə mübadilə, Azərbaycanın toxumçuluq müəssisələrində istehsal olunan yüksək keyfiyyətli toxumların Gürcüstanın heyvandarlıq təsərrüfatlarında istifadə imkanları və Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının Gürcüstan bazarına ixrac həcminin artırılması üzrə səylərin artırılması ilə bağlı təkliflər irəli sürüb.

Nazir Heydər Əsədov Azərbaycan və Gürcüstanın aqrar sahədə elmi-araşdırma institutları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün gənc mütəxəssislərin hazırlanması və Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gürcüstanın aparıcı ali məktəbləri və elmi mərkəzlərində təcrübə keçməsi ilə bağlı proqramların həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Səmimi qəbula görə nazir Heydər Əsədova təşəkkür edən Gürcüstanın kənd təsərrüfatı naziri Şalva Pipiya iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığı yüksək qiymətləndirib, bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, görüşdə həmçinin Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Teymuraz Şaraşenidze də iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə