Astarada doqquz ayın göstəriciləri ürəkaçandır FOTO

Astarada doqquz ayın göstəriciləri ürəkaçandır FOTO

Astara rayon İcra hakimiyyətində Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar Şura iclası keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, rayon İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Şura iclasında qeyd edib ki, oktyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlətimizin başçısı iclasdakı geniş nitqində ölkədə 9 ayda qarşıya qoyulan vəzifələrin uğurla icra edildiyini, bütün makroiqtisadi göstəricilərin yüksək səviyyədə olduğunu xüsusi vurğulayıb. Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətinə görə 39-cu yerdədir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublikanın bütün rayonlarına, o cümlədən Astara rayonuna ardıcıl səfərləri və bu səfərlər zamanı mühüm əhəmiyyətli sosial obyektlərin açılışında şəxsən iştirak etməsi, ictimaiyyət nümayəndələri ilə səmimi görüşləri, verdiyi tapşırıq və tövsiyələri rayon sakinlərinin hədsiz sevincinə və işgüzarlığının artmasına səbəb olub. Xüsusilə, edilən müraciətlər əsasında rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə əlaqədar imzaladığı sərəncamlar rayonda tikinti-quruculuq, abadlıq işlərinin aparılmasına və Astaranın gündən-günə abadlaşması və gözəlləşməsinə şərait yaradıb.

Möhtərəm Prezidentimiz qısa müddətdə imzaladığı sərəncamlarla Astaraya 20 milyon manata yaxın vəsait ayırıb. Bu vəsaitlə şəhər, qəsəbə və kəndlər abadlaşdırılmış, kəndləri birləşdirən yollar asfaltlaşdırılmış, yaşayış məntəqələrinin qazlaşdırılması təmin edilmiş, mühüm sosial obyektlər tikilib əhalinin istifadəsinə verilib. Görülən işlər əhalinin sosial-məişət, maddi-rifah halının, ümumilikdə onların güzəranının daha da yaxşılaşmasında mühüm rol oynayıb.

Həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsidir ki, ötən prezident seçkiləri ilə müqayisədə seçicilər daha yüksək əhval-ruhiyyədə siyasi fəallıq göstərərək xalqımızı xoşbəxt gələcəyə, inkişafa, tərəqqiyə aparan ən layiqli namizədə sevimli prezidentimiz cənab İlham Əliyevə təkrar ümumxalq məhəbbətini ifadə etmiş yekdilliklə ona səs veriblər.

Şura iclasında qeyd olunub ki, rayonda da 2013-cü ilin doqquz ayında sosial-iqtisadi sahədə də nəticələr uğurlu olub. Xüsusilə, tikinti-quruculuq və yol-abadlıq işlərinin aparılması diqqətdə saxlanılıb.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzaladığı 15 iyul 2013-cü il tarixli sərəncamıyla 45 yaşayış məntəqəsini birləşdirən Ərçivan-Şuvi–Alaşa-Qapıçıməhəllə və Siyaku-Rinə avtomobil yollarının asfaltlaşdırılması üçün 3,3 milyon manat vəsait ayrılıb. Qısa müddət ərzində həmin yaşayış məntəqələrini əhatə edən 17,5 km yolun asfaltlaşdırılması başa çatdırılıb.

Möhtərəm Prezidentimizin 4 sentyabr 2013-cü il tarixdə həmin yolun açılışında şəxsən iştirak etməsi rayon ictimaiyyətinin hədsiz sevincinə səbəb olub, bu qayğı və diqqətinə görə ölkə rəhbərinə dərin minnətdarlıqlarını bildiriblər.

Astaralılar möhtərəm cənab Prezidentimizin müdrik və uzaqgörən siyasətini ürəkdən bəyənir və onun ətrafında sıx birləşdiklərini əməli fəaliyyətləri ilə nümayiş etdirirlər. Onlar 9 oktyabr 2013-cü ildə keçirilən Azərbaycan Respublikası Prezidenti seçkilərində yüksək fəallıq göstərərək yekdilliklə cənab İlham Əliyevə səs verməklə onu dəstəkləyiblər.

Doqquz ay ərzində rayonda abadlıq və quruculuq işləri daha geniş vüsət alıb.

Dövlət Proqramının icrası ilə əlaqədar Telman, Sağlazüzə, Motlayataq Şuvi, Vaqo, Siyaku, Hamoşam, Rudəkənar və Asxanakəran, kəndlərində yeni məktəb binaları tikilib istifadəyə verilib. Suparibağ, Əzərud və Anboba kəndlərində məktəb binalarının tikintisi davam etdirilir.

Kijəbə qəsəbəsində Heydər Əliyev Parkı tikilib istifadəyə verilib, orada Ulu öndərin büstü qoyulub.

Lovayın su anbarının əsaslı təmiri, və Ərçivan qəsəbəsində boks idman kompleksinin tikintisi və yeni parkın salınması başa çatdırılıb. Ərçivan qəsəbəsində 1 km, Pensər kəndində

1,4 km, Şiyəkəran kəndində 1,6 km, Seləkəran kəndində 1,3 km kənd ara yolları və şəhər 4 saylı orta məktəbinə gedən yolun 0,5 km asfaltlaşdırılıb.

Rayon icra hakimiyyətinin dəstəyi ilə Hamoşam, Asxanakəran və Pəlikəş ərazi nümayəndəliklərinə və Ojəkəran-Pəlikəş-Şəvqo kəndləri istiqamətində gedən yolların təmiri başa çatdırılıb. Pəlikəş ərazi nümayəndəliyinin Çükəş və Şümrüd çayları üzərində yeni körpülər inşa edilib.

2013-cü ilin 9 ayında əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədi ilə 1539 evin qazlaşdırılması həyata keçirilib, Rayonda qazlaşmanın səviyyəsi 73 %-i keçib. Astara şəhərinin və Ərçivan qəsəbəsinin qaz şəbəkəsi yenidən qurulur.

Rayonun elektrik təsərrfatınında ilin əvvəlindən aparılan təmir-bərpa işlərində 510 ədəd ağac və dəmir dayaq və 21 min müxtəlif markalı kabellər istifadə olunub.

Rayonda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində də uğurlar qazanılıb. Çay plantasiyalarından, tərəvəz, taxıl, kartof sahələrindən bol məhsul yığılıb. Bu il 379 ton buğda, 42 min 634 ton tərəvəz, 10 min 664 ton kartof, 343 ton yaşıl çay yarpağı, 674 ton çəltik istehsal edilib.

2013-cü ildə Rayon Mərkəzi xəstəxanasının Poliklinika şöbəsinin yenidən qurulması və əsaslı təmirdən sonra açılışında Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iştirakı, səhiyyə işçiləri ilə səmimi söhbəti, verdiyi tövsiyə və tapşırıqları rayon əhalisinin sağlamlığına göstərilən yüksək diqqət və qayğının əyani təzahürüdür.

Şura iclasında DSMF-nun Astara rayon şöbəsinin müdir əvəzi Elbrus Abbasov, rayon Telekommunikasiya Qovşağının müdiri Ələkbər Həmzəyev, Ərçivan qəsəbə ərazi nümayəndəsi Azad Əzizov, rayon Paylayıcı Elektrik Şəbəkəsinin rəisi Azad Hüseynov, Hamoşam ərazi nümayəndəsi Səlahəddin Əliyev çıxış ediblər.

Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev Şura iclasına yekun vuraraq qeyd edib ki, görülən işlərlə yanaşı qarşıda həlli vacib olan məsələlər də az deyildir. Elektrik xətt təsərrüfatının yenidən qurulması, qazlaşdırılmamış dağətəyi və dağlıq yaşayış məntəqələrinin qazlaşdırılması, şəhər, qəsəbə və kəndlərinin içməli su ilə təminatı, Astara şəhərinin kanalizasiya sisteminin qurulması, şəhər, qəsəbə və kəndlərdə ara yolların asfaltlaşdırılması, təhsil, səhiyyə və mədəniyyət, istirahət parkı, idman obyektlərin tikintisi və əsaslı təmiri və digər məsələlərin icrası ilə əlaqədar tədbirlərin görülməsi nəzərdə tutulub.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə