Qənirə Paşayeva TRT Avaz kanalında canlı yayımın qonağı oldu

Qənirə Paşayeva TRT Avaz kanalında canlı yayımın qonağı oldu

Millət vəkili Qənirə Paşayeva TRT Avaz kanalında 2 saat davam edən və 9 oktyabr-prezident seçkilərinə həsr olunan proqramın qonağı olub. SİA-nın məlumatına görə, proqramda Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Necdet Ünivar, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin eksperti Cavid Vəliyev iştirak ediblər.

Proqramda iştirak edənlər Azərbaycanda prezident seçkilərinin yüksək səviyyədə, azad və beynəlxalq standartlara uyğun şəkildə keçirildiyini vurğulayıblar. Proqramda çıxışı zamanı millət vəkili Qənirə Paşayeva cənab İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Millət vəkili bildirib ki, cənab İlham Əliyevin prezident seçkilərində qələbə çalması onun gördüyü işlərin nəticəsidir. Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə əlaqələrin sürətlə inkişaf etdiyini deyən millət vəkili Qənirə Paşayeva cənab İlham Əliyevin yenidən prezident seçilməsindən sonra bu əlaqələrin daha da sürətlə inkişaf edəcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə