Beynəlxalq təşkilat daha cox müxalif mətbuatla görüşə meyl göstərir MÖVQE

“Kimlər ki, yalan məlumatlar yayır, kimlər ki, ölkədə keçiriləcək seçkilərə qara pərdə salmaq istəyir, onlarla görüşürlər”
Beynəlxalq təşkilat daha cox müxalif mətbuatla görüşə meyl göstərir MÖVQE

Məlum olduğu kimi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Müşahidə Missiyası AŞPA , ATƏT-in Parlament Assambleyası və Avropa Parlamentinin qısamüddətli müşahidə missiyası ilə birlikdə Azərbaycanın media nümayəndələri ilə görüş keçirəcək. Görüşdə daha cox müxalif mətbuatın içtirakının nəzərə alınması təəccüb doğurur. Bu fakt bir daha sözügedən təşkilatın dağıdıcı müxalifətlə və eələcədə dağıdıcı müxalifətin təbliğat maşını ilə qarşılıqlı əməkdaçlığa daha cox önəm verdiyindən xəbər verir. Söhbət etdiyimiz müstəqil media qurumlarının rəhbərləri bu haqda nə düşünür?

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev:

- Məlum olduğu kimi, 9 oktyabr prezident seçkilərinə sayılı günlər qalıb. Seçki ərəfəsində olan ölkəmizə xarici ölkələrin, beynəlxalq təşkilatların maraqları daha çox artıb. Bəziləri Azərbaycanda gedən sürətli inkişafı görür və dəyərləndirir, bəziləri isə ölkəmizə qarşı qərəzli mövqedə dayanaraq görülən işlərə kölgə salmaq cəhdləri edirlər. Hazırda bir çox beynəlxalq müşahidəçilər Azərbaycanda seçkilərə hazırlıq prosesini və seçkiqabağı vəziyyəti müsbət qiymətləndirdikləri halda ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ölkəmizin nailiyyətlərinə kölgə salmaqla, düşünülmüş mənfi hesabatlar dərc etməklə məşğuldurlar. Sözügedən təşkilatın növbəti qərəzli mövqeyi isə prezident seçkisindən bir gün əvvəl oktyabrın 8-də media nümayəndələri ilə keçirəcəyi görüşlərinə əsasən müxalifyönlü media və təşkilatların dəvət olunmasıdır. Bu təşkilatın istər ölkəmizdə, istərsə də ölkəmizdən kənarda müxalifyönlü mətbuat nümayəndələri ilə görüşləri adət halı alıb. Görəsən, bu təşkilat ölkəmizin tərəqqisini görmək belə istəməyən, hər şeyi ağ-qara müstəvidə görən dağdıcı müxalifət mediasından hansı obyektiv məlumatı almaq istəyir? Əgər bu təşkilat həqiqətən də qərəzsizdirsə onda bu tədbirə nəyə görə kifayət qədər təcrübəsi olan müstəqil media nümayəndələri dəvət edilmirlər? "Səs" Media Qrupu hər zaman Azərbaycanda müstəqil, real, obyektiv mövqe sərgiləyir. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı bizim də orada deyiləsi yetərincə sözümüz olardı. "Yeni Azərbaycan" qəzetinin orada təmsil olunması görüntü xarakteri daşımaqla yanaşı, eləcə də təşkilatcıların əsil niyyətlərini pərdələmək məqsədi daşıyır. Düşünürəm ki, ATƏT, eləcə də digər beynəlxalq qurumlar bu məsələdə öz fəaliyyətlərini korrektə edəcəklər.

"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:

- Bunlar özlərinin müəyyənləşdirdiyi mətbuatla işləyirlər. Onlara belə sərf edir. Onlar yalnız özlərinə sərf edən xəbərlərdən, məlumatlatdan istifadə etmək istəyirlər. Bu onu göstərir ki, bu təşkilatın nümayəndələri müstəqil təşkilat nümayəndələri kimi seckiləri müşahidə etmirlər. Bunlar müxalifəti himayə edirlər. Belə bir müşahidə isə doğru müşahidə sayıla bilməz. Belə bir görüşdə heç bir haqqa, ədalətə söykənən mühahidələr aparıla bilməz. Bu quruma qondarma hadisələri əks etdirən, reallaıqdan uzaq olan məlumatlar yayan mətbuat orqanları lazım olduğu üçün belə bir addım atıb, müstəqil mətbuatı bu görüşə dəvət etməyiblər. Müstəqil mətbuat orada iştirak edəcəksə təbii ki, orada obyektiv dəyərləndirmələr aparacaq. Bu isə onlara sərf etmir. Bu baxımdan da kimlər ki, yalan məlumatlar yayır, kimlər ki, ölkədə keçiriləcək seçkilərə qara pərdə salmaq istəyir, onlarla görüşürlər.

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı:

- ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Müşahidə Missiyasının dəvəti ilə keçiriləcək görüşdə ancaq müxalifyönlü media və təşkilatların olması seçki ərəfəsində olan ölkəmizə qarşı növbəti düşünülmüş addımdır. Bu seçkilər ərəfəsində onların belə bir iş görməsi və müstəqil mətbuatla görüşməməsi doğru bir addım hesab olunmur. Bu öz növbəsində böyük bir yalnışlıqdır. Onlar yalnız öz həmfikirləri ilə görüşərək, seçki prosesini müzakirə edəcəklər. Bir məsələyə də münasibət bildirmək istərdim ki, onlar "Yeni Azərbaycan" qəzetinin nümayəndəsini dəvət etməklə guya hamıya qarşı eyni münasibətdə olduqlarını göstərmək istəyirlər. Təəssüf hissi ilə qeyd edərdim ki, bu kimi qərəzli təşkilatlar obyektiv düşüncəli medai nümayəndələrinin çıxışlarını dinləmək istəmirlər. Bu cür mövqelərinə görə də onların hər zamankı bəyanatları cəmiyyət tərəfindən qərəzli qarşılanır.

"525-ci" qəzetin baş redaktoru Rəşad Məcid:

- Bir sıra beynəlxalq təşkilatların bəzi çirkin niyyətləri əvvəldən hazırlanmış və düşünülmüşdür. Onlar bir qrup qatı müxalifət tərəfdarı olan mətbuat nümayəndələri ilə görüşərək bir daha onu sübut etmiş olurlar ki, mövqelərində haqq, ədalət yoxdur.Bu görüşə dəvət olunanlar onların ölkəmizə qarşı çirkin fikirlərini bölüşənlərdir. Azərbaycanda geniş spektrli, son illərdə daha çox inkişaf edərək hadisələrə təsir edə, öz baxışını formalaşdıra biləcək media var. Bu media ATƏT üçün daha önəmli olmalıdır, nəinki qatı müxalifətin tərəfdarı olan, onların təbliğatını həyata keçirən mətbuat. "Yeni Azərbaycan" qəzetinin nümayəndəsinin görüşə dəvət olunması bir növ gözdən pərdə asmaqdır. Onlar heç "Yeni Azərbaycan" qəzetinin də nümayəndəsini orada görmək istəmirlər. Sadəcə özlərinə haqq qazandırmaq üçün məcbur dəvət ediblər. Bütün bunlar bu təşkilatın nəqədər qərəzli olduğunu növbəti dəfə təsdiq edir.

İntizarə Məmmədova,

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə