Azərbaycan WIPO Baş Assambleyasının 2 komitəsinə üzv qəbul edilib

Azərbaycan WIPO Baş Assambleyasının 2 komitəsinə üzv qəbul edilib

Cari ilin 23 sentyabr – 2 oktyabr tarixlərində İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş Assambleyasının 51-ci sessiyası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində ÜƏMT-nin baş direktoru Frensis Qarri ilə Komitə sədri Ramiz Həsənovun görüşü keçirilib. Sədr R.Həsənov Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində ÜƏMT ilə qurulmuş əməkdaşlığa və bu istiqamətdə təşkilat tərəfindən göstərilən dəstəyə görə F.Qarriyə təşəkkür edib. Bu əməkdaşlığın məntiqi davamı olaraq, SMPDK-nın sədri R.Həsənov ÜƏMT-nin baş direktoru F.Qarrini ölkəmizə dəvət edib.

ÜƏMT-nin baş direktoru F.Qarri isə öz növbəsində dəvəti məmnunluqla qəbul etdiyini, yaxın zamanda Azərbaycana səfərin mümkünlüyünü bildirib. Onun sözlərinə görə, Azərbaycan Respublikasında əqli mülkiyyət hüquqlarının qorunması, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi, ümumilikdə patent sistemi infrastrukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində son illər görülmüş işlər yüksək qiymətləndirilməkdədir.

Tədbirdə Azərbaycan Respublikasının Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının əlaqələndirmə komitəsinə və proqram və büdcə komitəsinə üzv seçilməsi barədə qərar qəbul olunub. Əlaqələndirmə komitəsinə üzv olmaqla ölkəmiz təşkilatın baş direktorunun seçilməsi prosesində yaxından iştirak etmək və səs vermək hüququ qazanıb. Proqram və büdcə komitəsində isə təmsil olunmaqla ÜƏMT-nin fəaliyyətində növbəti illər üçün hazırlanan tədbirlər planında, prioritet istiqamətlərin müəyyənləşdirilməsində, həmçinin büdcə layihələrinin müzakirələrində də söz sahibliyi imkanları əldə olunub.

Xatırladaq ki, Azərbaycan Respublikası 1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının tam hüquqlu üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə