Bakıda regional konfrans keçirilib

Bakıda regional konfrans keçirilib

Bu gün Bakı şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda konfrans keçirilib. SİA-nın məlumatına görə, konfransda dini icma sədrləri, eləcə də fəal dindar və ilahiyyatçılar iştirak ediblər. Əvvəlcə konfrans iştirakçıları Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin və görkəmli oftomoloq alim Zərifə Әliyevanın məzarlarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Regional Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iştirakçıları salamlayaraq, bu konfransın Azərbaycanın 8 bölgələsində keçirilən silsilə tədbirlərin yekunu olduğunu diqqətə çatdırıb.

Komitə sədri Azərbaycan zəvvarlarının, o cümlədən dini icma fəallarının bu gün həcc ziyarətinə yola düşəcəyini vurğulayaraq, bütün zəvvarlara uğurlu yol arzulayıb.

E. İskəndərov bildirib ki, konfransın əsas məqsədi dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili və aparılması, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunmasıdır: "Ölkəmizdə din siyasəti pozitiv dünyəviçilik əsasında qurulub. Son illərdə dövlət başçısının qayğısı nəticəsində ibadət evlərinin təmiri, bərpası və yenidən əsaslı şəkildə qurulmasını xüsusi qeyd etmək olar. Dini icmalarla dövlət arasında, həmçinin müxtəlif dinlərə mənsub olan icmalar arasında münasibətlər yüksək səviyyədədir. Son bir ildə icmaların daha çox sosial layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin etmiş olur. Bu istiqmətdə fəaliyyət bundan sonra da davam etdiriləcək."

Tədbirin davamında Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi (DƏ-İKGF, ARM), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə "Dini icmaların sosial layihələrinə dəstək proqramı"nın qalibləri elan olunub və onlara layihələrin icrası ilə bağlı sertifikatlar təqdim edilib.

Xatırladaq ki, dini icmaların sosial layihələrə cəlb edilməsi məqsədilə Ramazan ayı ərəfəsində elan edilənmiş proqrama hər biri 5000 manat olmaqla 40-a yaxın layihə təqdim edilib.

Qeyd edək ki, Respublika konfransı "Milli-mənəvi dəyərlərə baxış: tarixilik və müasirlik", "Dini radikalizm və onunla mübarizə üsulları", "İslamda orta yol" panelləri üzrə "Milli-mənəvi dəyərlərimizə dövlət qayğısı", "Azərbaycanda ənənəvi İslam və xarici təsirlər", "İslamın radikalizmə və ifratçlığa qarşı münasibəti", "Dini radikalizm və ifratçılıqla mübarizənin metodologiyası", "Vəhdət naminə məzhəblərarası dialoq", "Vətənpərvərlik milli-mənəvi dəyər kimi", mövzularında məruzələlə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə