Azərbaycan Milli QHT Forumu "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" çərçivəsində növbəti tədbirləri Quba rayon Bələdiyyəsində və Qusar rayon Gənclər Mərkəzində keçirib. Milli QHT Forumundan SİA-ya verilən məlumata görə, tədbirdə layihə heyəti, Quba rayon İcra Hakimiyyətinin nümayəndəsi S.Cabbarov, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
MQF-nin prezidenti Rauf Zeyni layihə haqqında iştirakçıları ətraflı məlumatlandırıb. O qeyd edib ki, layihənin məqsədi əlillərin və sağlamlıq imkanları məhdud olan insanların qanunvericiliklə müəyyən edilmiş bütün sosial-iqtisadi, şəxsi hüquq və azadlıqlarının təmin olunmasına dəstək vermək, həmçinin onların ləyaqətinə hörmət edilməsini təmin etmək eyni zamanda, əlillərin hüquqları barədə əhalinin məlumatlılığının artırılması, əlillərə hüquqi xidmətin göstərilməsi və onların hüquqlarının qorunmasını təşkil etməkdir. R.Zeyni əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı və s. barədə fikirlərini bildirib.
Layihənin hüquqşünası, Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimov çıxış edərək əlillərin reabilitasiyası ilə bağlı, əlil hüquqlarının həyata keçirilməsi mexanizmi, əlillərə verilən müavinətlərin hesablanması, əlilliyin müəyyən edilməsi haqqında iştirakçıları məlumatlandırıb.
Tədbirdən sonra sağlamlıq imkanları məhdud insanlar öz problemləri ilə bağlı layihə heyətinə müraciət edib, müvafiq köməkliklər göstərilib. Bildirilib ki, hər hansı problem ortaya çıxarsa, Milli QHT Forumuna müraciət etsinlər.
Qeyd edək ki, Milli QHT Forumu tərəfindən "2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili" layihəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maliyyə dəstəyi ilə bu ilin sonunadək həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB