1 milyon 209 min 135 pensiyaçının pulu artırılacaq FOTO

1 milyon 209 min 135 pensiyaçının pulu artırılacaq FOTO

"Azərbaycanda iyulun 1-ə olan məlumata əsasən, 1 milyon 272 min 566 pensiyaçı var. Prezident İlham Əliyevin əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair son sərəncamı təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq". SİA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov keçirdiyi mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar (dövlət qulluqçuları, hərbi qulluqçular və s. bu kateqoriyaya aid olan pensiyaçılar) sayı isə 63 431 nəfərdir: "Pensiyanın baza hissəsini 100% alanların pensiyasının artımı 15 manat, bəzi kateqoriyalara aid olan pensiyaçılarda isə daha çox olacaq. Pensiyanın baza hissəsini 120% həcmində alanlar (I qrup əlillər istisna olmaqla) üzrə artım 19,5 manat, pensiyanın baza hissəsini 200% həcmində alanlar üzrə isə 31,5 manat təşkil edəcək".

Nazir həmçinin vurğulayıb ki, milli qəhrəmanların ailə üzvlərinin pensiyasına baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi isə 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaq: "Döyüşən ordunun tərkibində xidmət edən müharibə iştirakçılarının (Böyük Vətəb müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirən hərbi qulluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artacaq".

S. Müslümov qeyd edib ki, əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün hər hansı problem yoxdur və bu məqsədlə ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur.

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev əmək pensiyalarının baza hissəsinin artırılması haqqında sərəncam imzalayıb. Yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2013-cü il sentyabrın 1-dən 100 manat müəyyən edilib. Dövlət Sosial Müdafiə Fonduna Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərin ailə üzvlərinin, əlillərin və digər şəxslərin əmək pensiyalarının baza hissəsinə əlavələr də daxil olmaqla, bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sərəncama uyğun olaraq artırılaraq yenidən hesablanması tapşırılıb. Hazırda isə əmək pensiyalarının baza hissəsi 85 manat təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə