Cəlilabad RİH: "Müxalifət qəzetinin yazdıqları həqiqəti əks etdirmir" TƏKZİB
"Yeni Müsavat" qəzetinin 20 avqust 2013-cü il tarixli sayında qeyd olunur ki, əslən Cəlilabad rayonunun Günəşli kəndindən olan, hazırda Bakı şəhərində yaşayan MTN-nin zabiti Cəmil Fərhadov Günəşli kəndində 3 sot torpaq alaraq ata yurdunda özünə təvazökar bir ev tikdirib. Onun evinin yanında isə qaynı ev tikdirib. Həmin evlər yeni tikildiyindən istər-istəməz hər kəsin diqqətini çəkirmiş. Guya, Milli Məclisin deputatı Malik Həsənov kəndə gələrkən həmin evlərin sökülməsi barədə icra başçısına tapşırıq verib. İcra başçısı da dərhal həmin evləri sökdürüb.
SİA-ya Cəlilabad Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Loğman Hüseynov məlumat verərək bildirib ki, bu yazılar həqiqətə uyğun deyil, xalqı aldatmaqdan başqa bir şey deyildir. Bu yazını oxuyan Günəşli kənd sakinləri çox təəccüblənmişlər. Bildiririk ki, Fərhadov Cəmil Əliağa oğlu Bakı şəhərində yaşayır, Günəşli kənd qeydiyyatında deyildir. O. Həyətyanı torpaq sahəsi almaqdan ötrü Günəşli bələdiyyəsinə müraciət etməmiş və adına Günəşli kəndində həyətyanı torpaq sahəsi yoxdur.
Cəmil Fərhadovun qaynı Anar Bakı şəhərində yaşayır, digər qayınları Tehran və Elnur Günəşli kəndində yaşayır. Cəmil Fərhadov və qayınları Günəşli kəndində heç bir ev tikməyiblər. Görəsən, tikilməyən evlər necə sökülə bilər?
Yazını hazırlayan şəxs hüquqi cəhətdən bilməlidir ki, tikilən evlər məhkəmənin qərarı olmadan heç bir şəxsin göstərişi əsasında sökülə bilməz.
Milli Məclisin deputatı Malik Həsənov xalqın probleminin həllinə həmişə diqqətlə yanaşır, müntəzəm olaraq rayonda vətəndaşları qəbul edərək onları dinləyir və şikayətlərinə yaxından kömək göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB