Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda sosial təyinatlı layihələr həyata keçirilir

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xəzər rayonunda sosial təyinatlı layihələr həyata keçirilir

Bakı şəhərinin Xəzər rayonunun bir sıra qəsəbələrində Heydər Əliyev Fondu təşəbbüsü ilə sosial yönümlü layihələrin həyata keçirilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Binə qəsəbəsindəki İmam Rza məscidi Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulub və işlər 2013-cü ilin iyununda başa çatıb. Məscid, minarə və xidməti otaqlarından ibarətdir. Kompleksin ümumi sahəsi 1800 kvadratmetr təşkil edir. Binanın və hündürlüyü 21 metr olan minarənin günbəzləri tamamilə sökülərək yenidən quraşdırılıb.

Qəsəbədəki 285 nömrəli uşaq bağçası da tamamilə sökülərək onun yerində yeni, müasir bina inşa edilir. Tikinti işləri artıq yekunlaşmaq üzrədir. Burada bütün kommunikasiya xətləri dəyişdirilib, otaqlar yeni avadanlıqla təchiz olunub, uşaqlar üçün hər cür şərait yaradılıb.

Türkan qəsəbəsində isə yeni uşaq bağçasının və diaqnostika mərkəzinin tikintisi davam etdirilir. Hər iki binanın dam örtüyü vurulub, istilik və elektrik enerjisi xətləri quraşdırılıb, cari təmir işləri aparılır.

Bundan əlavə, Buzovna qəsəbəsində də 240 nömrəli uşaq bağçasının yerində yeni bina tikilir. Bağça bu ilin sonunadək istifadəyə veriləcək.

Şüvəlan qəsəbəsində eşitmə qabiliyyəti qüsurlu olan uşaqlar üçün internat məktəbi də təmiri edilir. Qəsəbədə, həmçinin cari ilin iyun ayından yeni tibb məntəqəsinin tikintisinə başlanılıb. Obyekt ilin axırınadək təhvil veriləcək.

Bununla yanaşı 234 nömrəli orta məktəbin həyətində 1120 şagird yerlik məktəb binasının tikintisinə başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə