Polis Alayında polis namizədlərə sıra baxışı keçirilib

Polis Alayında polis namizədlərə sıra baxışı keçirilib

Bu gün Çevik Polis Alayında daxili işlər orqanlarının sıravi və kiçik rəis heyətində xidmətə qəbulla əlaqədar DİN-in Baş İdarə, İdarə və ərazi polis orqanlarından göndərilmiş namizədlərə sıra baxışı keçirilib. DİN-dən SİA-ya verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirdə iştirak edib.

DİN-in Baş İdarə, İdarə və xidmət rəislərinin də iştirak etdikləri tədbirdə nazir 643 nəfərin düzüldüyü ayrı-ayrı kalonları gəzib, namizədlərin zahiri görünüşü, fiziki hazırlığının vəziyyəti, bilik səviyyəsi ilə maraqlanıb, bəzi irad və tövsiyələrini bildirib. Ramil Usubov ümumən sıra baxışından, namizədlərin hazırlıq səviyyəsindən razı qaldığını deyib. Tələb olunan parametrlərə uyğun gəlməyən 18 nəfər sıra baxışından kənarlaşdırılıb.

Xidmətə qəbul olunacaq namizədlərə gələcək çətin, eyni zamanda, şərəfli fəaliyyətlərində uğurlar arzulayan daxili işlər naziri əmin olduğunu bildirib ki, onlar Azərbaycan Polisinin ən yaxşı ənənələrini davam etdirərək qanunvericiliklə üzərilərinə düşən vəzifələri və ölkə Prezidenti tərəfindən qarşıya qoyulan bütün tapşırıqları yüksək məsuliyyətlə yerinə yetirəcək. Vətənə və xalqa sədaqətlə xidmət edəcək, sabitliyin etibarlı təminində, əmin-amanlığın nümunəvi qorunmasında səylərini əsirgəməyəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə