Novruz Məmmədov: "Azərbaycan onunla yüksək səslə danışmağa imkan verməyəcək"
Azərbaycan Prezidentinin Administrasiyası Avropa Parlamentinin Azərbaycanda demokratiya və insan hüquqları ilə bağlı vəziyyəti tənqid edən, habelə "Respublika alternativi" (ReAl) vətəndaş hərəkatının lideri İlqar Məmmədovun həbsdən azad edilməsinə çağıran son qətnaməsini şərh edib.
Son qətnaməyə öz münasibətini bildirən Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov qeyd edib ki, son illər Azərbaycana qarşı aparılan kampaniya sistemli və ardıcıl xarakter alıb.
O deyib: "Son zamanlar Avropanın bəzi strukturları Azərbaycana təzyiq etmək məqsədilə müxtəlif bəyanatlarla çıxış edir və əsaslandırılmamış qərarlar çıxarır. Belə qərarlara İlqar Məmmədovun azadlığa buraxılması ilə bağlı son qətnaməni də aid etmək olar. Lakin bu kimi qərarlar bizim Avropa ilə qarşılıqlı münasibətlərimizə kölgə sala bilməz. Avropa strukturlarının nümayəndələri və Avropa dövlətlərinin rəhbərləri bu kimi məsələlərə diqqətlə yanaşmalıdırlar. Və bu cür qərarlar qəbul edərkən, onların nəticələri haqqında düşünməlidirlər. Birincisi, qeyd etmək istəyirəm ki, biz bu qətnaməni qəbul etmirik, onunla razılaşmırıq, çünki o, bütün demokratik normalara ziddir.
Bildiyiniz kimi, Avropa Parlamentində 754 deputat var, lakin qərarlar müəyyən qrupların təşəbbüsü ilə 15-16 deputat tərəfindən qəbul edilir. Məgər bu, kiçik bir qrupun mütləq çoxluğun hüquqları üzərində inhisarçılığı deyilmi? Əgər demokratik prinsipləri Avropa Parlamentinin özü pozursa, onda biz hansı demokratiyadan danışa bilərik? Qeyd etmək istəyirəm ki, bu qətnamə ilə yaxından tanış olarkən, təəccüblənməyə bilmirsən. Avropa deputatlarına kim icazə verib ki, Azərbaycanla bu cür amiranə ton ilə danışsınlar? Biz hesab edirik ki, bizimlə belə danışıq tonu yolverilməzdir və bu, Avropa ilə qarşılıqlı münasibətlərimizə kölgə salır. Biz çox uğurlu bir yol keçmişik. Bununla yanaşı, Azərbaycanın inkişafında böyük sıçrayış baş vermişdir və biz yol vermərik ki, bizimlə yüksək səslə danışsınlar. Biz ona görə öz müstəqilliyimiz uğrunda mübarizə aparmamışıq ki, yenidən kiminsə təsiri altına düşək. Bizə ikinci Kreml lazım deyil.
Biz hər şeydə ədalətli olmağın tərəfdarıyıq və biz ədalətli tənqidi qəbul etməyə hazırıq. Amma mən bu qurumlara sual verirəm: siz doğrudanmı ədalət tərəfdarısınız? Bu 20 il ərzində siz Dağlıq Qarabağla bağlı ədalətli mövqe nümayiş etdirmisinizmi? Axı öz torpaqlarından zorla qovulan milyondan çox azərbaycanlının hüquqları çoxdandır ki, pozulur. Buna görə də kor və kar olmaq lazım deyil. Azərbaycan müstəqil ölkədir. Onun öz müstəqil siyasəti var və bizim qarşımızda hansısa şərtlər qoymaq və bir adama görə səs-küy qaldırmaq lazım deyil. Bundan başqa, biz dəfələrlə Avropadakı tərəfdaşlarımıza demişik: gəlin, "siyasi məhbus" anlayışının hansı prinsiplərə görə müəyyənləşdiyini aydınlaşdıraq. Lakin onlar hər dəfə müzakirələrdən boyun qaçırıblar. Siz bir tərəfdən, Azərbaycanla sıx münasibətləri saxlamağa çağırırsınız, digər tərəfdən isə, aydın olmayan sənədlər qəbul edirsiniz.
Bundan sonra Avropa qurumlarının səmimiliyinə necə inanmalı? Bizim Qərb siyasətçiləri ilə son zamanlar apardığımız danışıqlarda onlar hər dəfə İlqar Məmmədovun məsələsini qaldırıblar. Bəs niyə onda başqaları barədə danışmırlar? Bunun səbəbi ondadır ki, İlqar Məmmədov onlara lazımdır. Qərblilər bizi İlqar Məmmədov haqqında çox şeyləri deməyə vadar etməsinlər. İş o yerə çatıb ki, onlar İlqar Məmmədovu Azərbaycanın vətəndaşı kimi yox, öz kadrları kimi müdafiə edirlər. Axı bu, düzgün deyil. Qoy bu qruplar bilsinlər ki, Azərbaycan onlar üçün oyuncaq deyil. Avropada problemlər yoxdur ki, onlar Azərbaycanın problemləri ilə məşğul olurlar? Axı Avropa ölkələrinin nə vəziyyətdə olduğunu hamımız görürük. Hamımız buradakı yoxsulluqdan, işsizlikdən, islamofobiyadan tutmuş polis zorakılığına qədər bütün neqativ prosesləri görürük. Amma heç bir avropalı siyasətçi bu barədə danışmaq istəmir".
Newtimes.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB