Türkiyənin Giresun Universitetində Beynəlxalq Qadın Simpoziumu keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva qadınlarla bağlı problemlərə toxunub. Qadınlara qarşı zorakılığın artmasının ciddi narahatlıq doğurduğunu deyən, millət vəkili cəmiyyətin və dünyanın inkişafının qadınların təhsilindən və inkişafından keçdiyini deyib: "Dünyada oxuma və yazma bilməyən 800 milyon insanın 3/4 hissəsini qadınlar təşkil edir. Unutmamalıyıq ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir".
Savadlı cəmiyyət, savadlı anadan keçir, - deyən, Q.Paşayeva bildirib ki, qadın haqlarına hörmət etməyən, onu qorumayan, qadın haqlarının pozuntusuna qarşı səsini ucaltmayan, mübarizə aparmayan bir insan cəmiyyətin, dünyanın və insanlığın bu günü və sabahını düşünməyən insandır: "Çox ciddi narahatlıq doğuran və təəssüf yaradan fakt ondan ibarətdir ki, getdikcə zorakılığın müxtəlif növlərindən əziyyət çəkən qadınların, zorakılıq qurbanlarının sayı artır. Məsələn, insan alveri qurbanlarının sayının getdikcə daha da çoxalması bizi ciddi narahat etməlidir. Çünki onların əksəriyyətini qadınlar təşkil edir və bu qadınlar zorakılığın qurbanıdırlar. Bundan başqa bu gün qadınlara qarşı zorakılığın daha geniş yayılmış forması olan məişət zorakılığı ilə mübarizə sahəsində də fəaliyyətimizi daha da gücləndirməyə ciddi ehtiyac var".
Millət vəkili bildirib ki, qadınlara qarşı ayrı-seçkiliyin olduğu, qadınlara qarşı zorakılığın geniş yayıldığı, gender bərabərliyinin təmin olunması istiqamətində fəal iş aparılmayan ölkə və cəmiyyətlər uğursuzluğa düçardır: "İnsanlar arasında bu mövzuda daha geniş maarifləndirmə işlərinin aparılmasına, qızların təhsilinə və peşələrə yiyələnməsinə diqqət daha da artırmağa böyük ehtiyac var. Aparılan araşdırmalar göstərir ki, zorakılığa məruz qalan qadınlar arasında savadsız, təhsilsiz, heç bir peşənin sahibi olmayan, iqtisadi baxımdan özünü idarə edə bilməyənlər, öz hüquqlarını bilməyən qadınlar əksəriyyət təşkil edir".
Azərbaycanda qadınlara verilən yüksək qiymət və hörmətdən danışan Qənirə Paşayeva qadınların ictimai həyatın hər bir sahəsində, cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB