Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan sərgi açılıb FOTO
Bu gün R. Behbudov adına Dövlət Mahnı Teatrında istedadlı əlillərin və sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan ədəbi- bədii və musiqili tədbir öz işinə başlayıb. SİA-nın məlumatına görə, ilk olaraq tədbirdə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan video- çarx nümayiş olunub.
Daha sonra çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi, o cümlədən əlillərin hərtərəfli qayğı ilə əhatə olunması istiqamətində Ulu Öndər Heydər Əliyevin göstərmiş olduğu xidmətlərdən söz açıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində bu istiqamətdə tədbirlərin ilbəil geniş vüsətlə davam etdirildiyini vurğulayıb.
O qeyd edib ki, bu günə qədər 5 minə yaxın əlil və şəhid ailəsi dövlət hesabına yeni mənzillə, 3500-dən çox əlil minik avtomobili, yüzlərlə əlil müxtəlif reabilitasiya avadanlıqları ilə təmin olunub: "Son illərdə müxtəlif bölgələrdə reabilitasiya mərkəzləri yaradılıb və hər il 8 mindən çox əlilə bərpa- müalicə xidməti göstərilir. Təkcə ötən il ərzində 153 nəfər əlilin Naftalan şəhərindəki müalicə mərkəzində bərpa müalicəsi, 1056 nəfər əlilin istirahət zonalarında istirahəti, ümumilikdə 5 mindən çox əlilə birdəfəlik maddi yardımlar verilməsi təmin olunub".
"Artıq Bakı şəhərində Gözdən əlillər üçün Tədris Bərpa Mərkəzi inşa olunur və yaxın vaxtlarda ölkədə Çernobul Əlilləri üçün İxtisaslaşmış Reabilitasiya Mərkəzinin də yaradılması nəzərdə tutulur. Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin xətti ilə artıq 2007-ci ildən xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və son 5 ildə 268 nəfər əlil həmin kurslara cəlb edilib. Bu müddətdə keçirilən respublika səviyyəli sərgi və baxış müsabiqələrində 4200 nəfərdən artıq əlil iştirak edib", -deyə nazir fikirlərinə əlavə edib.
İki gün davam edəcək tədbirdə Əlillərin Ümumrespublika Yaradıcılıq Baxış müsabiqələrinin qalibləri tanınmış sənətçilərlə birgə vokal, instrumental ifaçılıq və poeziya nominasiyaları üzrə ifalarını təqdim ediblər. Bununla yanaşı, respublikanın müxtəlif bölgələrində yaşayan 15 nəfər istedadlı əlilin, o cümlədən 2 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağın Ümummilli lideri Heydər Əliyevə, görkəmli oftalmoloq- alim akademik Zərifə Əliyevaya, dövlətimizin rəmzlərinə və digər mövzulara həsr etdikləri 40-dək sənət əsəri nümayiş olunub.
Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xüsusi tədbirlər Planı çərçivəsində keçirilən tədbirin sonunda istedadlı əlillərə Fəxri Fərmanlar verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB