Müasir Azərbaycan dövlətinin xilaskarı və banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının qərargahında ağsaqqallarla gənclərin görüşü keçirilib.
Görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə rayonda silsilə tədbirlərin keçirildiyini bildirib. Savadlı, vətənpərvər gənclərin yetişdirilməsinin müstəqil Azərbaycanı inkişaf etdirmək baxımından əhəmiyyətini vurğulayan deputat, bu baxımdan ağsaqqallarla gənclərin görüşünün vacibliyindən də danışıb.
Ağsaqqallarımızın xalqımızın zəngin mənəvi sərvəti olduğunu vurğulayan Sədaqət Vəliyeva cəmiyyətdə sülhün, sabitliyin təmin edilməsində, gənclərimizin milli vətənpərvərlik ruhunda böyüməsində onların rolunu yüksək qiymətləndirib. Hazırda ölkəmizdə vətənpərvər, savadlı, yenilikçi gənclərin olduğunu qeyd edən baş redaktor, onların daim dövlətimizin yüksək diqqət və qayğısı ilə əhatə edildiyini deyib.
Çıxış edən Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev bu cür görüşlərin əhəmiyyətini qeyd edib və vurğulayıb ki, ağsaqqallarla gənclərin görüşü ölkənin ictimai-siyasi prosesləri prizmasında önəmli xarakter daşıyır.
Sonra söz Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərova verilib.
Fəttah Heydərov ağsaqqallarla gənclər arasında əlaqələrin yaradılması, gənclərimizin milli vətənpərvərlik ruhunda yetişdirilməsi baxımından tədbirin əhəmiyyətini vurğulayıb. Ağsaqqalların həmişə cəmiyyətin həyatında mühüm rol oynadıqlarını diqqətə çatdıran Fəttah Heydərov onların respublikamızın müstəqilliyinin qazanılmasında, ölkəmizin dinamik inkişafında, gənclərimizin əsl vətəndaşlar kimi yetişdirilməsindəki xidmətlərindən danışıb.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin sürətlə inkişaf etdiyini vurğulayan AAŞ-nin sədri gənclərimizin bu prosesdə fəal rol oynadıqlarını bildirib.
Ümummilli lider Heydər Əliyevin ən nümunəvi ağsaqqal kimi dövlətimizə və xalqımıza şərəflə xidmət etdiyini diqqətə çatdıran millət vəkili gənclərimizin dahi şəxsiyyətin zəngin irsini öyrənərək onun yolu ilə getmələrinin vacibliyindən danışıb. Bildirib ki, Ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanı sürətli inkişaf yoluna çıxarıb: "Bu baxımdan Ulu öndər Heydər Əliyevin Azərbaycan üçün açdığı yol bizim hər birimiz, o cümlədən gənclərimiz üçün ən doğru yoldur. Bunun üçün gənclərimiz Ümummilli liderin zəngin irsini dərindən öyrənməlidirlər. Bu məsələdə ağsaqqallarımızın üzərinə böyük məsuliyyət düşür. Ona görə də belə görüşlərin tez-tez keçirilməsi çox vacibdir".
Görüşdə gənclər adından çıxış edən YAP Nizami rayon təşkilatının Aparat rəhbəri Ramil Vəlibəyov deyib ki, dərin milli-mənəvi dəyərlərə və adət-ənənələrə malik Azərbaycan xalqı hər zaman ağsaqqalların sözünə hörmətlə yanaşıb. Bildirib ki, xüsusilə, gənclər ağsaqqalların öyüd və nəsihətlərini fəaliyyətlərinin proqramına çevirirlər.
O, qeyd edib ki, Nizami rayon gəncləri hər zaman olduğu kimi, radikal müxalifətin və anti-Azərbaycançı mərkəzlərin çağırışlarını qətiyyətlə rədd edir və qarşıdakı ictimai-siyasi proseslərdə də Ümummilli lider Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətinə dəstək verəcək.
Sonra çıxış edən Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov deyib ki, Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin də ağsaqqallarımıza və gənclərimizə böyük diqqətlə yanaşması çox sevindirici haldır.
Azərbaycan Prezidentinin müstəqil siyasət yürüdərək ölkəmizin ərazi bütövlüyünün bərpası, respublikamızın inkişafı istiqamətində yorulmadan çalışdığını diqqətə çatdıran Tahir Budaqov gənclərimizi dövlətimizin başçısının ətrafında sıx birləşməyə, qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırıb.
Görüşün sonunda partiyaya üzv olmaq istəyən bir qrup gənc rayon təşkilatı rəhbərliyinə müraciət ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB