Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib

Heydər Əliyevin 90 illiyinə həsr olunmuş kitab sərgisi keçirilib

"Azərikimya" İstehsalat Birliyinin akt zalında Sumqayıt şəhər Mərkəzləşmiş Kitabxanalar Sistemi ilə birgə Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan Sumqayıt şəhər Mərkəzləşmiş Kitabxanalar Sisteminin direktoru Yeganə Əhmədova dahi rəhbərin 90 illiyinə həsr edilmiş sərgiyə çıxarılmış 500-dən artıq kitab haqqında məlumat verib, bildirib ki, bu kitablar əsas etibarilə Ulu öndərin həyat və fəaliyyətinə həsr olunub.

Tədbirdə çıxış edənlər Ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza və mədəniyyətimizə göstərdiyi diqqət və qayğıdan, möhtərəm Prezidentimiz İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsindən danışıblar.

"Azərikimya" İB-nin Müşahidə Şurasının sədri Muxtar Babayev çıxışında Azərbaycanın bir dövlət kimi dünya dövlətləri arasında tanınmasında və nüfuzlu mövqe tutmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən, böyük ideyalar, bəşəri fikirlər və mənəvi dəyərlər daşıyıcısı olan kitabların insanların, xüsusən də gənclərin həyatında böyük əhəmiyyət kəsb etməsindən danışıb, kimyaçılar üçün belə bir kitab sərgisinin keçirilməsi təşəbbüsü ilə çıxış edən kitabxana işçilərinə minnətdarlığını bildirib.

Tədbirin sonunda xalqımızın ümummilli lideri Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sənədli film nümayiş etdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə