Xaçmazda yubiley tədbiri

Görkəmli ziyalı, oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyi ilə əlaqədar Xaçmazda təntənəli tədbir keçirilib. SİA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbir akademik Zərifə Əliyeva adına Xaçmaz şəhər 8 saylı orta məktəb-liseyində təşkil olunub.

Tədbirdə respublikamızın ziyalıları, Dağıstan Respublikasının nümayəndə heyəti və rayon ictimaiyyəti iştirak edib. İştirakçılar əvvəlcə akademik Zərifə Əliyevanın abidəsini ziyarət edərək onun əziz xatirəsinə ehtiramlarını bildiriblər. Çıxış edən natiqlər həyatını Azərbaycan səhiyyəsinə və tibb elminin inkişafına həsr edən görkəmli oftolmoloqun misilsiz xidmətlərindən söz açıblar.

Qeyd olunub ki, insanlara şəfa, gözlərə nur, işıq bəxş edən Zərifə Əliyeva mənalı həyat yaşayıb. Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə cəmləşdirən Zərifə xanım dünya tibb elminə əvəzolunmaz töhvələr verib. Onun birbaşa rəhbərliyi altında cavan alimlərin, həkim oftalmoloqların böyük bir nəsli yetişib. Zərifə Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və hümanizm rəmzi kimi həmişə xatirələrdə əbədi yaşayacağı çıxışlarda xüsusi vurğulanıb.

Görkəmli akademikə həsr olunan sərgiyə tamaşa edən tədbir iştirakçıları daha sonra məktəbdə yeni yaradılan Zərifə Əliyeva adına müzeyin açılışında da iştirak ediblər.

Dağıstan nümayəndələri çıxışlarında bildiriblər ki, görkəmli akademik Zərifə Əliyevanın 90 illik yubileyində iştirak etməkdən həqiqətən böyük qürur və şərəf duyuruq. Zərifə Əliyeva həm böyük alim və həkim, həm də mehriban həyat yoldaşı və ana kimi hər zaman sevilib və bu gün də əziz xatirəsi həm Azərbaycan, həm də Dağıstan xalqı tərəfindən ehtiramla yad edilir.

Emin Kərimov, Xaçmaz

Bütün xəbərlər Facebook səhifəmizdə