“Azadlıq Radiosu" insanları necə aldadır? ŞOK ARAŞDIRMA

Qarşı tərəf niyə münasibət bildirmir?
“Azadlıq Radiosu" insanları necə aldadır? ŞOK ARAŞDIRMA

Bir müddət öncə Naxçıvan Muxtar Respublikası Babək rayon Nehrəm kənd sakini 1954-cü il təvəllüdlü Əşrəf Mustafa oğlu Həsənov "Səs" Media Holdinqə zəng edərək "Azadlıq Radiosu"nun müxbiri tərəfindən aldadıldığını, özünün sözləri ilə desək "oyuna" gətirildiyini deyib. Onun sözlərinə görə, "Azadlıq Radiosu"nun Bakı bürosunun əməkdaşı özünü Yafəz Əkrəmoğlu kimi təqdim edən Yafəz Əkrəm oğlu Həsənov ona xeyli miqdarda pul mükafatı vəd edərək sakini olduğu Nehrəm kəndi haqqında əsassız, həqiqətə uyğun olmayan, yalnız "Azadlıq Radiosu"nun maraqlarını təmin edən məlumatlar ötürməyini istəyib. Hətta Yafəz Əkrəmoğlu Əşrəf Həsənovu əvvəlcədən nə söyləyəcəyi barədə təlimatlandıraraq Bakı şəhərində mətbuat konfransı təşkil edib.

"Azadlıq Radiosu"nun əməkdaşı Yafəz Əkrəmoğlu Əşrəf Həsənovun vasitəsilə daha iki kənd sakini Hüseyn Sadiqov, Arif Həsənovdan da öz məqsədləri üçün istifadə ediblər.

Hadisə ilə bağlı Səs TV-nin çəkiliş qrupu Naxçıvan Muxtar Respublikası, Babək rayon Nehrəm kəndinə ezam olunub və məsələni yerində araşdırıb. Araşdırma zamanı bunlarla yanaşı, Yafəz Əkrəmoğlu ilə bağlı digər bir fakt da üzə çıxıb. Məlum olub ki, o, Babək rayonun Şıxmahmud kənd sakini, 30 ildən çox pedaqoji fəaliyyətlə məşğul olan Vaqif Vəliyevin xəbəri olmadan onun adından "Azadlıq Radiosu"nun saytında müsahibə yerləşdirib.

Araşdırma yekunlaşdıqdan sonra biz məsələ ilə bağlı qarşı tərəf olan "Azadlıq Radiosu"nun da münasibətini öyrənmək məqsədilə radionun Bakı bürosunun rəhbəri Babək Bəkirlə əlaqə saxlayıb onun da fikrini dərc etmək və ya araşdırmaya əlavə etmək istədik. Babək Bəkir məsələdən xəbərinin olmadığını, yanında qonaqlarının olduğunu deyərək daha sonra zəng etməyimizi bildirdi. Növbəti zəngimizdə də dəstəyi qaldıran xanım B. Bəkirin məşğul olduğunu söylədi. Bir daha etdiyimiz görüş cəhdimiz isə yenə baş tutmadı. Telefonun o biri ucundakı xanım B. Bəkirin işdə olmadığını, artıq evə getdiyini söylədi, baxmayaraq ki, iş vaxtının bitməsinə hələ bir saatdan da çox vaxt qalmışdı. (Son cəhdimiz təxminən 16:40 radələrində olub).

SİA sözügedən araşdırmanın video çəkilişini sizə təqdim edir və qarşı tərəfin də münasibətini dərc etməyə hazırdır. Amma bu gün "Azadlıq Radiosu"na açdığımız telefon zənginə kimsə cavab vermək istəmədi. Əməkdaşlar min bir bəhanə ilə sualdan yayındılar. Əcəba, bu kos-koca "Azadlıq Radiosu"nun verməyə cavabı yoxdurmu?

Bütün xəbərlər Facebook səhifəmizdə