Millət vəkili baş nazirlə görüşdü

Millət vəkili baş nazirlə görüşdü

Millət vəkili, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri Qənirə Paşayeva Strasburqda AŞPA-nın yaz sessiyası çərçivəsində Gürcüstanın Baş naziri Bdzina İvanişvili və Gürcüstan parlamentinin üzvləri ilə görüşüb.

Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun sədri, millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan-Gürcüstan münasibətləri sadəcə qonşuluq və dostluq münasibətləri deyil, bu, ən yüksək səviyyədə strateji müttəfiqlik münasibətləridir. Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq qrupunun tərkibinə görə Milli Məclisin ən böyük parlamentlərarası dostluq qruplarından olduğunu qeyd edən millət vəkili bunun Azərbaycan dövlətinin və Parlamentinin Gürcüstan ilə əməkdaşlığa nə qədər böyük önəm verdiyinin göstəricilərindən biri olduğunu söyləyib. "Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün pozulması kimi oxşar problemi var. Bunları da həll etmək üçün bizim daha güclü şəkildə biri-birimizə dəstək verməyimizə ehtiyac var", – millət vəkili qeyd edib.

Millət vəkili qeyd etmişdi ki, iki ölkə arasında yaxşı siyasi, iqtisadi və mədəni əlaqələr mövcuddur. Bununla yanaşı Gürcüstan vətəndaşı olan azərbaycanlılar və Azərbaycanda yaşayan gürcülər iki ölkəni biri-birinə daha sıx bağlayan tellərdir. Millət vəkili Qənirə Paşayeva Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də toxunub və onların həlli istiqamətində Gürcüstan baş naziri və yeni hökumətinin səyləri daha da artıracağına, onlara verilən vədlərin yerinə yetiriləcəyinə ümidvar olduğunu bildirib. Millət vəkili Qənirə Paşayeva bildirib ki, Azərbaycan və Gürcüstanın parlament üzvləri, parlamentlərarası dostluq qrupları və iki ölkənin parlament nümayəndə heyətləri AŞPA da daxil olmaqla, bütün beynəlxalq təşkilatlarda əməkdaşlığı daha da genişləndirməli və ölkələrimizin maraqları çərçivəsində, dövlətlərimizin ərazi bütövlüyünün təmin olunması istiqamətində əməkdaşlığı və işbirliyini daha da artırmalıdırlar, bundan sonra da bütün platformalarda birgə çıxış etməli və hər zaman biri-birinə qarşılıqlı dəstək göstərməlidir. Gürcüstanın Baş naziri Bdzina İvanişvili bildirib ki, hər iki ölkənin parlament üzvlərinin, beynəlxalq təşkilatlardakı nümayəndə heyətlərinin birgə fəaliyyətinin daha da güclənməsi, birgə səylərin daha da artırılması vacibdir. Azərbaycanın Gürcüstanın dostu və strateji müttəfiqi olduğunu vurğulayan B.İvanişvili Azırbaycan prezidenti İlham Əliyevlə görüşü və müzakirələrə toxunaraq iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın getdikcə daha da güclənəcəyini vurğulayıb. O, Gürcüstan vətəndaşı olan azərbaycanlıların ortaya çıxan problemlərinin həlli istiqamətində rəhbərlik etdiyi hökumətin səylərini daha da artıracağını, onların Gürcüstan dövlətinə daha sıx inteqrasiyası istiqamətində işlərin daha da surətlənəcəyini deyib. Gürcüstan parlament nümayəndə heyəti ilə görüşdə isə parlamentlərarası əlaqələrin, dostluq qrupları arasında və nümayəndə heyətləri arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində geniş müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə