YAP sıralarına yeni üzvlər qəbul olundu

Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ərəfəsində Yeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul olunmaq üçün müraciət edənlərin sayı artmaqda davam edir. SİA-nın məlumatına görə, bu gün Gəncə şəhər Təşkilatında YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqələrinin təqdimat mərasimi keçirilib. Müxtəlif təbəqələri təmsil edən, mütərəqqi fikirli, geniş dünyagörüşlü insanlar özlərini partiya sıralarında görmək, tərəqqi və quruculuq işlərində cəmiyyətimizin daha fəal üzvləri ilə birgə olmaq istəyirlər.

Tədbiri giriş sözü ilə YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov açaraq bildirib ki, Yeni Azərbaycan Partiyasının daim dövlətciliyin möhkəmləndirilməsi və inkişafı ideyasını əsas götürməsi, təbliğ etməsi cəmiyyətimizin hər bir üzvündə bu ideyanın daşıyıcısı olmaq arzusu yaradıb.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış və bu gün Prezident cənab İlham Əliyevin Sədri olduğu Yeni Azərbaycan Partiyasının cəmiyyət arasındaki nüfuzu günü-gündən artmaqdadır.

Yeni Azərbaycan Partiyasının ideyalarını fəaliyyət proqramı kimi qəbul etdiyi Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu siyasi kursa sadiqlik nümayiş etdirməsi, həmcinin Partiyanın Sədri, Prezident cənab İlham Əliyevin uğurlu daxili və xarici siyasət yürütməsi, Azərbaycanın modern dövlətə çevirməsi insanların bu partiyaya olan inamını daha da möhkəmləndirib. Eyni zamanda, YAP-ın cəmiyyətin inkişafını hədəfləyən çoxsaylı sosial layihələr reallaşdırması, gəncləri dövlətçilik, milli maraqlar ətrafında sıx birləşdirməsi, onun tərəfdarlarının sayının dəfələrlə artmasına səbəb olub. Təbii ki, bu cür artım bir daha insanların Yeni Azərbaycan Partiyasına, onun Sədrinə inandığını və onu dəstəklədiyini sübut edir. Şübhə yoxdur ki, Partiyanın sıraları dövlətciliklə bağlı olan insanların hesabına bundan sonra daha da genişlənəcək və cəmiyyətimiz ölkəmizin inkişafı prosesinda YAP-la birgə addımlayacaq.

Şəhər Təşkilatının sədri ölkəmizdə başlanan sürətli inkişaf prosesində Respublika Prezidenti cənab İlham Əliyevin yaxından qayğısı, Heydər Əliyev Fondunun köməyi və dəstəyi ilə şəhər İcra rəhbərliyinin səmərəli və kompleks fəaliyyəti nəticəsində Gəncədə qazanılan uğurları, bu nailiyyətlərdə YAP üzvlərinin, xüsusən gənclərin böyük fəallığı olduğunu diqqətə çatdırdı.

Həmcinin qeyd etdi ki, şəhər Təşkilatı hazırda partiyanın amalına sədaqətli, saf, möhkəm əqidəli, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənən və dəstəkləyən 26 min nəfərdən çox partiya üzvünü öz ətrafında birləşdirir.

Natiq bu ilin oktyabr ayında ölkəmizdə növbəti Prezident seçkilərinin keçiriləcəyini vurğuladı. O, bildirdi ki, bu seçkilərdə gəncəlilər dahi Heydər Əliyev siyasətinə və bu müdrik siyasi kursu uğurla həyata keçirən Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti cənab İlham Əliyevə səs verəcəklər.

Sonra Partiya üzvlərinə YAP vəsiqələri təqdim olundu.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...