"Son güllə"

Bu gün Nərimanov rayon İcra Hakimiyyətində Xocalı soyqırımının 21 ildönümünə həsr olunan anım mərasimi keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev bildirib ki, bu il 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı səhərində törədilmiş soyqırımı aktının 21 ili tamam olur: "Bu kədərli günlərdə Azərbaycan xalqı qəsbkar erməni millətcilərinin vəhşiliyinin qurbanı olan günahsız insanların əziz xatirəsini dərin hüznlə bir daha yad edilir. Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Sovetlər imperiyasının süqutu ilə yaranan mürəkkəb tarixi və ictimai-siyasi şəraitdə dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkənin yeni tarixinə qara hərflərlə yazıldı".

A. Fərzəliyəv qeyd edib ki, Azərbaycanın gündən-günə inkişaf edib möhkəmlənməsi və hərbi qüdrətini artırması Xocalı soyqırımı kimi faciələrin bir daha baş verməməsi üçün ən etibarlı təminatdır: "Bu gün Azərbaycanın hərbi sahəyə ayırdığı xərclər Ermənistanın bütün dövlət büdcəsinə bərabərdir. Ermənistan nə hərbi sahədə, nə də digər sahələrdə Azərbaycanla müqayisə edilə bilməz. Ölkəmizin ərazi bütövlüyünü təmin etmək, davakar erməni millətciliyi təhlükəsinə birdəfəlik son qoymaq üçün dövlətimizin bütün imkanları var. Lakin biz bu problemin sülh yolu ilə nizama salınmasına çalışırıq. Əminik ki, bu istiqamətdə aparılan sülh danışıqları, görülən boyük işlər öz müsbət nəticələrini verəcək".

Daha sonra Xocalı şəhərinin sakini, şəhid ailəsinin üzvü Mehriban Əliyeva çıxış edərək vurğulayıb ki, Xocalı səhərində əhalinin vəhşicəsinə kütləvi qırğını Dağlıq Qarabağ bölgəsinin işğalı üçün həyata keçirilən hərbi təcavüz zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq və onun mübarizə əzmini qırmaq niyyəti ilə törədilib.

Tədbirin sonunda Odlar Yurdu Universiteti tələbələrinin hazırladığı "Son güllə" adlı ədəbi- bədii kompozisiya tədbir iştirakçılarına təqdim olunub.

Samirə Abdullayeva

Bütün xəbərlər Facebook səhifəmizdə