Əl-Küveyt şəhərinin Dövlət Milli Muzeyinin konsert salonunda Azərbaycan mədəniyyət günlərinin təntənəli açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək, Azərbaycanın qədim tarixi, zəngin mədəni irsi, füsünkar təbiəti və geniş turizm imkanları, şərq və qərb ünsürlərinin özündə təcəssüm edən memarlıq abidələri, ölkəmizdə son illər ərzində keçirilən beynəlxalq mədəniyyət tədbirləri haqqında ətraflı məlumat verib. O, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında əməkdaşlıq üçün Birgə Komissiyanın ikinci iclası zamanı 2013-cü il fevral ayının 14-də tərəflər arasında imzalanan "Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş"in iki dost ölkə arasında mövcud olan mədəni əlaqələrin sürətli inkişafına və genişləndirilməsinə böyük töhfə verəcəyini bildirib.
Daha sonra Azərbaycanın xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov, Fikrət Əmirov və Vasif Adıgözəlovun əsərlərindən ibarət konsert proqramı çoxsaylı tamaşaçıların diqqətinə təqdim olunub. Solistlər Azər Rzazadə, Səbinə Ərəbli və Babək Niftəliyev Küveyt səhnəsində uğurla çıxış ediblər.
Tamaşaçıların arasında Küveyt Dövlətinin İnformasiya naziri, Gənclərlə İş üzrə Dövlət naziri Şeyx Salman Sabah Səlim Əl-Həmmud Əl-Sabah, Parlamentin İnsan hüquqları Komissiyasının Sədri və Xarici ölkələrlə dostluq qrupları üzrə parlamentin sədr müavini Mübarək Saleh Əl-Nəcədə, Mədəniyyət və Ədəbiyyat Ali Şurasının Baş Katibi Əli Əl-Yuha, "Küveyt-Azərbaycan" Ticarət Müəssisəsinin Fəxri Prezidenti Şeyx Talal Əl-Əli Əl-Abdullah Əl-Jaber Əl-Sabah, ölkədə akkreditə olunan 20-dən çox xarici dövlətin səfirləri və diplomatları, tanınmış elm, mədəniyyət incəsənət xadimləri, ali təhsil ocaqlarının rektorları və kütləvi informasiya vasitələrinin nümayəndələri xüsusi diqqət çəkiblər.
Qeyd edək ki, Küveyt Dövlətində Azərbaycan mədəniyyət günləri fevral ayının 23-ə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB