Orxan Pamuk presidentini xatırladan bir olay

Orxan Pamuk presidentini xatırladan bir olay

Yazıçı Əkrəm Əylislinin Rusiyanın "Drujba narodov" jurnalında dərc olunan "Daş yuxular" romanı son günlər gündəmin əsas mövzusu olaraq müzakirə olunmaqdadır. Cəmiyyətin bütün təbəqələrinin haqlı irad və təpkiləri ilə qarşılanan roman həm də cavablandırılması zəruri olan bir çox suallar meydana gətirib. Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin fikrincə, Əkrəm Əylislinin şəxsiyyətinin, yaradıcılığının təhlili günlərin birində belə acı nəticənin ortaya çıxacağından xəbər verirdi:

- Ə.Əylisli illərdir içində gəzdirib boğa bilmədiyi ermənipərəst mövqeyini tam anlamı ilə ifadə edib. Düşündüyünü yazıb, arzularını qələmə alıb, əsl kimliyini bir daha əyani sübutlarla, öz qələmindən sızan cümlələrlə bəlli edib. Ən nəhayət milllətinə verdiyi "dəyər"in, "sevgi"nin hansı həddə olduğunu göstərib. Amma şəxsən məni bu roman ətrafında gedən müzakirələrlə yanaşı, həm də pərdə arxasında qalan nüanslar, səbəblər düşündürür…

Məsələn, Əkrəm bəy əsərin Azərbaycan dilinə tərcüməsi ilə bağlı görəsən niyə belə bir panika yaşayır? Səbəb nədir? Hətta utanmadan media qurumlarına hədə-qorxu da gəlir ki, belə bir şey reallaşsa məhkəmə qarşısında cavab verməli olacaqlar. Həqiqət ondadır ki, Azərbaycanın xalq yazıçısı adına ləkə olan Ə.Əylisli həmin romanı yazarkən bu mərhələni, proseslərin belə bir inkişaf trayektoriyasını hesablaya bilməyib. Romanın rus dilində yazılmasının iki səbəbi ola bilər - "Nobel" həsrəti və yaxud da erməni maraqlarına xidmət.

Azərbaycanlıları bu dərəcədə aşağılanmaq və ermənilərin təbliğini humanizmə xidmətlə əsaslandırmaq heç bir halda mümkün deyil. Buna görə də Ə.Əylisli və onun bəzi üzdəniraq müdafiəçiləri belə bir suala cavab verməlidirlər ki, nəyə görə barış, sülh azərbaycanlıların "qəddarlığının etirafı", onların aşağılanması hesabına başa gəlməlidir. Bu müharibəni kim başlayıb, kimdir qatil, cəllad? Bəlkə Ə.Əylisli Xocalı soyqırımının da özümüz tərəfindən törədildiyini iddia etsin! Fikrimcə, ermənilərin guya hansısa zülmə məruz qalması ilə bağlı ortaya atılan və romanın əsas ideya xəttini özündə ehtiva edən şərəfsiz iddianın, ləyaqətsiz yanaşmanın qayəsi o məqsədə hesablanıb ki, cəmiyyətin sərt təpkisi ilə üzləşməklə xaricdə əsl həqiqətləri qələmə alan yazıçı kimi kimi təqdim oluna bilsin. Bu, təxminən Orxan Pamuk presidentini xatırladan bir olaydır.

Digər bir məsələ, ayrı vaxt vətənpərvərlikdən, milli təəssübkeşlikdən ağız dolusu danışan, xalq, millət deyərkən ağızlarına çullu dovşan sığmayan "Ziyalılar forumu"nun üzvləri görəsən hara qeyb olub? Niyə səsləri çıxmır? Rüstəm İbrahimbəyovun palaz-palaz verdiyi müsahibələrin əsas mövzusu olan "kişilik", "mənəviyyat","əqidə" anlayışları yenə "işinin dalınca"mı getdi? Ziyalılığa antraktmı verildi? Ziyalılıq məzuniyyətəmi çıxdı?! Rafiq Əliyev! 70 yaşından sonra Azərbaycan reallıqları ilə bağlı "əsl həqiqətləri" söyləmək iddiasına düşən "ziyalı" hardasan?!

Bundan əvvəl Rüstəm İbrahimbəyov kosmopolitliyinə sığınıb ermənilərin Bakını tərk etməsindən təəssüflənirdi, onların yerinə Bakıya gələn qaçqınları az qala lənətləyirdi. Yəqin sabahda-bürügündə "ziyalılar forumunun" daha bir üzvü ermən "humanistliyini" vəsf edən şer, povest və.s. yazacaq

Qəti əminəm ki, bizim media Ə.Əylislinin hədələrini qulaq arına vurub, qorxmadan, çəkinmədən onun "romanını" tərcümə edib ictimaiyyətin müzakirəsinə çıxarmalıdır. Qoy cəmiyyət ona və onun kimilərinə birdəfəlik mövqeyini bildirsin.

Bütün xəbərlər Facebook səhifəmizdə