"Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Davosda "Holcim Group" şirkətinin rəhbəri Bernard Fontana ilə görüşüb. Ötən il Bakıda "Holcim Group" şirkətinin sement zavodunun açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan Bernard Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirib. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirib.
Prezident İlham Əliyev "Holcim Group" şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini qeyd edib. Dövlətimizin başçısı bu şirkət ilə ölkəmiz arasında əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğulayıb.
Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
ABŞ-ın "McKinsey&Сompany" şirkətinin rəhbəri Dominik Barton ilə görüş
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda ABŞ-ın qlobal layihələrinin idarəçiliyi üzrə tanınmış konsaltinq şirkəti "McKinsey&Сompany"nin rəhbəri Dominik Barton ilə görüşü olub. Görüşdə "McKinsey&Сompany" şirkətinin rəhbəri Dominik Barton Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları sahəsində mühüm layihələrin həyata keçirilməsində maraqlı olduqlarını bildirib. Son vaxtlar Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının inkişafı üçün yaradılmış şəraitin ölkəmizdə bu sahədə layihələrin həyata keçirilməsində xarici investorların diqqətini cəlb etdiyini vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev informasiya-kommunikasiya texnologiyalarının genişləndirilməsində elm və təhsil sahələrinin inkişafının da vacib olduğunu və ölkəmizdə bu işə diqqətin artdığını deyib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan dünyanın bu sahədə tanınmış müxtəlif şirkətləri ilə əməkdaşlıq etməkdə maraqlıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB