Polis gücləndirilmiş iş rejimində çalışacaq

Polis gücləndirilmiş iş rejimində çalışacaq

Azərbaycan polisi 20 Yanvar ümummilli matəm günü gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, 20 Yanvar faciəsinin 23-cü il dönümü ilə əlaqədar keçiriləcək tədbirlər zamanı ictimai qaydanın və ictimai təhlükəsizliyin daha nümunəvi təmin edilməsi haqqında daxili işlər naziri, polis general-polkovniki Ramil Usubov əmr imzalayıb.

Əmrə əsasən, yanvarın 20-də daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyəti gücləndirilmiş iş rejimində çalışacaq.

Bundan başqa, paytaxtın küçə və prospektlərində avtomobil sıxlığı yarana biləcək ərazilər əvvəlcədən müəyyən edilərək nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək. Əhalinin gur olduğu yerlərdə, strateji obyektlərin qarşısında xidmətin aparılmasına nəzarət daha da gücləndiriləcək və polis naryadlarının sayıqlığı artırılacaq.

Əmrdə, həmçinin yanvarın 20-si respublika ərazisində saat 12.00-da şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi qeyd olunub. Bu məqsədlə gəmi, avtomobil və qatarlar vasitəsi ilə səs siqnallarının verilməsi üçün lazımı tədbirlər həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə