Son zamanlar filənkəsin, bəhmənkəsi bıçaqladığı haqqında verilən xəbərlər qulağımızı necə deyərlər "mazol" edib. İnsan qəzəbli olarkən heç nə gözünə görünmür. O anda əlinə nə keçdisə qarşısındakı insanı elə onunla cəzalandırmaq istəyir. Vay o qəzəbli hala ki, adamın cibində bıçaq ola. Hamımız elə qəzəbli anların axırının hara olduğunu yaxşı bilirik. Cibdə gəzdirilən kiçik bıçaqlar xüsusilə gənclər üçün çox təhlükəlidir.

Qiyabi təhsil aldığım üçün universitetə dərslərim başlayanda gedirəm. Artıq bu ildən jurnalistika sahəsində çalışdığım üçün ətrafımda olan hər şeydən yazmaq istəyim yaranıb.

Universitetə gələrkən nəqliyyat vasitəsi kimi metrodan istifadə edirəm. Elmlər Akademiyası stansiyasının çıxışında yerləşdirilən kiçik piştaxtalar hər gün diqqətimi cəlb edir. Burada müxtəlif "kaşeloklar", "breloklarlar"la yanaşı çoxlu sayda cib bıçaqları da satılır. Hər dəfə bıçaqları görəndə, gözümün önünə tez-tez xəbərlərdə baxdığım bıçaqlama hadisələri, bunun qurbanı olan gənclər və universitetim gəlir. Hər gün dərsə gedən tələbələrin bu bıçaqları görməsi belə ciddi problemlərə yol aça bilər.

"O qədər mərdimazarlar olur ki..."

Satıcıya yaxınlaşıb bir az söhbət elədim. Mənim suallarımdan şübhələnən satıcı hər dəqiqə başı bu bıçaqların adam öldürmək üçün olmadığını deyirdi. Özünün də bıçaq gəzdirdiyini bildirən satıcıdan bunun səbəbini soruşduqda isə ilk cümləsi "o qədər mərdimazarlar olur ki..." oldu. Məsələ aydındır!

"Çörəyimizə bais olma.."

Suallarımdan yayınan satıcı daha sonra "müdir"ini çağırmağa məcbur oldu. Təmkinlə bıçaq gəzdirməyin vətənpərvərlik, kişilik nişanəsi olduğunu başa salmağa çalışan, adını belə deməyə cəsarəti çatmayan bu şəxsin fikirlərini isə belə oldu: "İnsan bıçağı cibinə qoyur və özünü kişi kimi hiss edir. İndi əsil kişilər qalmayıb. Üzdəniraqları kişiyə çevirmək isə müşkül məsələdir. Ona görə də, uşaqları indidən silaha öyrəşdirmək lazımdır. Torpaqlarımız işğal altındadır, onları azad etmək üçün əsil kişilər yetişdirməliyik. Bıçaq gəzdirməyin pis cəhətini görmürəm. Sən bu məsələni qəzetdə yazsan çörəyimizə bais olacaqsan. Çörəyimizə bais olma...".

Mən heç kimin "çörəyinə bais olmaq" istəmirəm. Sadəcə, bir gənc kimi baş verə biləcək hadisələrin bacardığım qədər qarşısını almaq istəyirəm. Özləri bunu başa düşmək istəmir, mənə düşmən kimi baxırlar. Onlar bıçaq satmamaqla da çörək qazana bilərlər. Bütün məsələ budur. Bu yazının nə qədər ciddiyə alınacağını bilmirəm, amma hər halda öz bacardığımı etdim.

P.S. Fikirlərini aldığım şəxslərin şəkilləri də olsa yaxşı olardı. Amma ən sadə suallara belə aqressiv şəkildə cavab verən bu insanlardan şəkil çəkmək üçün icazə almağa çəkindim. Gizli çəkilişin isə mənim üçün daha təhlükəli olacağını düşündüm və "çörəklərinə bir az da bais olmamaq" qərarına gəldim.

Bütün xəbərlər Facebook səhifəmizdə