Noyabrın 21-də Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı və Lənkəran ŞİH-nin dəstəyi ilə "Narkomaniyaya yox deyək!" kampaniyası çərçivəsində tədbir keçirilib. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, tədbiri giriş sözü ilə açan Lənkəran ŞİH başçısının birinci müavini İlqar Dadaşov mövzu ilə bağlı məlumat verdikdən sonra rayonda narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin vəziyyəti haqqında danışıb.
İcra rəsmisi bildirib ki, cəmiyyətin bəlasına çevrilən narkomaniyaya qarşı mübarizə daim icra hakimiyyətinin diqqət mərkəzindədir. Bu sahədə səmərəli və ardıcıl mübarizə aparılması məqsədilə rayonda bir sıra müxtəlif səpkili kütləvi tədbirlər keçirilib.
Sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədovanın "Narkomaniya bəşəriyyətin faciəsidir" mövzusunda məruzəsi dinlənilib. Bu gün dünyada narkomaniyanın artıq daha gənc insanlar, ən dəhşətlisi isə azyaşlılar arasında yayılmaqda olduğunu bildirən Ş.Əhmədova bu faciə ilə mübarizədə hər birimizin, xüsusilə təhsil işçilərinin böyük əzm göstərməsinin vacib olduğunu vurğulayıb.
Lənkəran ŞRPŞ-nin əməkdaşı, polis mayoru Zeynur Əliyev çıxış edərək bildirib ki, dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər mövcuddur. Əlavə edib ki, daha narahatedici bir məqam isə narkotik istifadəçilərinin hər il artmasıdır.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun əməkdaşı Şahin İsmayılov, Respublika Narkoloji Mərkəzin şöbə müdiri Pərvin Məmmədov çıxış edərək tədbirin təşkil olunmasında göstərdiyi dəstəyə görə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova təşəkkürlərini bildiriblər. P.Məmmədov həkimlik fəaliyyəti zamanı şahidi olduğu narkotik aludəçilərinin acınacaqlı həyatından, yoluxduqları xəstəliklərdən, həm cəmiyyət, həm də özləri üçün yaratdıqları təhlükədən danışıb.
İştirakçılara narkotik vasitələr, onlardan istifadə qaydaları və narkotik vasitələrin insan orqanizmində yaratdığı ölümcül xəstəliklər haqqında slayd və video-çarx nümayiş olunub.
Sonda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB