Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvü, Səbail rayonu təşkilatında gənclərə ideoloji və ictimai siyasi yardım komitəsinin sədri Riyad Məmmədzadənin Səs TV-yə müsahibəsi:
- Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin ölkənin ictimai-siyasi həyatında fəaliyyətini və rolunu müsbət dəyərləndirmək olarmı?
- İlk əvvəl bütün xalqımızı təbrik edirəm. Çünki bu gün çox əlamətdar bir gündür. Məhz, bugünkü tarixdə, 1993-cü il oktyabrın 10-da Ulu Öndər Heydər Əliyev ilk dəfə olaraq, konstitusiyaya və müqəddəs kitabımız olan Qurani-Kərimə əl basaraq prezident kimi and içmişdi. O dövrdəki hadisələrdən müqəddimə olaraq danışsaq, yada sala bilərik ki, 1991-1992-ci illərdə ölkədə çox böyük bir ictimai xaos vardı və o vaxt hakimiyyətdə olan qüvvələr, siyasi liderlər həmin böhran qarşısında tab gətirməyərək ölkədən qaçdılar. Hətta siyasi fəaliyyətini dayandıran, donduran da oldu. Bu böhranlı vəziyyətdə təbii ki, Azərbaycan bir əsrdə artıq ikinci dəfə müstəqilliyini itirmək təhdidi qarşısında idi. Heydər Əliyevin dahi şəxsiyyət və misilsiz siyasi xadim olduğunu hamımız bilirik. Birmənalı şəkildə demək olar ki, Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti Azərbaycan Respublikası, vətənimiz üçün çox misilsiz və əvəzolunmazdır. Bu hadisələri daha dərindən təhlil etmək lazımdır. Bizim gəncliyimiz həmin dövrün hadisələrini dərindən mütaliə edib araşdırmalıdır ki, artıq müstəqil olaraq qərar verə bilsin. Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi nəzdində və rayon təşkilatları nəzdində gənclərlə ümumi iş gedir. Təbii ki, o dövrdən başlayaraq, artıq bugünkü dövrümüzə qədər Heydər Əliyev irsinin layiqli davamçısı cənab prezident İlham Əliyevin də genişmiqyaslı fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Cənab prezidentin həm partiya lideri, həm dövlət başçısı olaraq dövlətimizin, müasir Azərbaycanımızın gəncliyinə çox aydın ismarıcları olur. Ölkə prezidentinin sırf gəncliyin, ictimai siyasi fəallığın artırılması ilə bağlı silsiləvi tədbirlər proqramı var. Çünki, bildiyimiz kimi bir ölkənin daim stabil və dinamik inkişaf etməsi üçün və özünə parlaq gələcək qurması üçün ictimai faktor olaraq gənclər çox vacib fenomendir. Ölkənin düşmənləri də ilk olaraq həmin gənc təbəqəni hədəfə alırlar. Çünki, gənclər digər sosial təbəqələrə nisbətən daha az təcrübəli olduqlarından tez təsir altına düşə bilirlər. Gənclərlə bağlı bizim partiyadaxili tədbirlərimizdə fərdi olaraq görüşlər keçirilir. Bizim ölkə gəncliyinə əsas sözümüz odur ki, gəlin, dəyərlərimizi daha yaxından mənimsəyək, tarixi daha yaxşı araşdıraq, ölkədəki quruculuq illərini dərindən təhlil edək. Dünya siyasi mədəniyyətlərini, təcrübələrini mənimsəyək və birbaşa özümüzə nəticə çıxaraq ki, müasir dünyada bir ölkənin qurulması və sabit inkişaf etməsi üçün nələr lazımdır, hansı addımlar atılmalıdır? Çünki, cəmiyyətdə olan bəzi siyasi qüvvələr xaricdən aldığı dəstək nəticəsində populistik çıxışlar edirlər. Gənclərə də bu çıxışlar təsir edir, gəncləri qıcıqlandırırlar. Gənclərimiz daha çox məntiqə üstünlük verməlidirlər.
- Dağıdıcı müxalifətin təsiri altında olan bəzi gənclər var ki, onlar küçələrə çıxaraq dövlət əleyhinə çağırışlar etməyə, sosial şəbəkələrdə milli maraqlara zidd şüarlar səsləndirməyə təhrik edilir. Bu tip məram və məqsədlərini anlamayan gəncləri səhv yoldan çəkindirilmək mümkündürmü?
- Əslində hər birimiz bilirik ki, ölkədə müxalifət partiyalarının olması labüddür. Hər bir demokratik cəmiyyətdə siyasi müxalifət mövcud olmalıdır. İnsanlar, düşüncələr ayrı- ayrıdır. Dünyada neçə milyard insan varsa, həmin saya mütənasib olaraq fikir var, fikir ayrılığı var. Hamı eyni cür fikirləşməli deyil. Sadəcə olaraq bizim cəmiyyət və xüsusən də gənclər fikir müxtəlifliyi ətrafında bir ideya, bir amal içərisində birləşmənin zərurətini dərk etməlidirlər. Biz əsrlərlə əsarətdə yaşamışıq. Ulu babalarımız azadlıq eşqi ilə yaşayırdılar. Bu azadlığı görmək bizə müyəssər olmuşdu. Biz onu görmüşük. Biz artıq azadlıq illərində, müstəqillik illərində yaşayırıq. Bizim gənclər ilk əvvəl bu amal ətrafında birləşməlidirlər ki, səsləndirdiyimiz hər fikir, etdiyimiz hər bir hərəkət müstəqilliyimizə zərər verməməlidir. Daha ayıq olmalıyıq. Müxalif fikirlərə daha açıq olmalıyıq. Respublikamızın quruculuğunda, parlaq inkişafında öz töhfəmizi verməyə səy göstərməliyik. Biz gərək müxalifətin gəncləri aksiyaya təhrik etməsinin əsas səbəblərini təhlil edək. Əgər bu aksiya ölkə müstəqilliyinə, ölkədə demokratiyanın inkişafına ziddirsə, təbii ki, biz buna qarşı çıxmalıyıq. Həm partiya gəncləri, həm fərd, həm də vətəndaş olaraq mövqeyimizi ortaya qoyuruq. Sosial şəbəkələrdə də biz aktiv olaraq fikirlərimizi bölüşürük.
- Gəncləri bu yoldan çəkindirmək üçün sizlər tərəfindən bu yöndə konkret olaraq hansı addımlar atılır?
- Gənclər Birliyi olaraq bu istiqamətdə silsilə tədbirlərimiz davam edir. Kütləvi İnformasiya Vasitələrinə fikirlərimizi bildirməyimiz üçün şərait yaratdıqlarına görə öz təşəkkürümüzü bildiririk. Mən belə düşünürəm ki, Azərbaycan Respublikasında hazırda hər bir gənc müstəqil olaraq ictimai siyasi fəaliyyətlə məşğul ola bilər və olmalıdır da! Çünki, bunun üçün bütün münbit zəmin yaranıb. Biz gənclər dövlətimizin inkişafı üçün əlimizdən gələni əsirgəməməliyik.
Aydan Xanlarqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB