Komitə sədri ATƏT nümayəndələri ilə görüşüb

Elşad İskəndərov: “Azərbaycanın tolerantlıq modeli dünya ölkələri üçün nümunə ola bilər”
Komitə sədri ATƏT nümayəndələri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri ATƏT nümayəndələri ilə görüşüb

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qurumun sədri Elşad İskəndərov ölkəmizdə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədrinin dözümlülüyün təbliği üzrə şəxsi nümayəndələri səfir Adil Axmetov, hakim Ketrin MakGinnes və Ravin Endryu Beykerlə görüşüb.

Komitədən SİA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanda dini, milli və irqi məsələlərdə tolerantlıq müzakirə olunub. Komitə sədri ATƏT nümayəndələri ilə görüşdə bildirib ki, bu gün ölkəmizdə istər dini, istərə də milli və irqi ayrı-seçkilik yoxdur: "Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri, o cümlədən müxtəlif dinlərə mənsub olan insanlar arasında bir-birinə qarşı tolerant yanaşma mövcuddur. Dövlət Komitəsinin yerləşdiyi məkandan 1 km radiusa yerləşən və dövlət tərəfindən bərpa edilmiş məscidlər, kilsələr, o cümlədən Azərbaycan üçün yeni olan kotolik icmasının kilsəsini və sinaqoqları ziyarət etsəniz, dini icmalar arasında münasibətlərin tolerantlığın ötəsində olaraq qarşılıqlı hörmət səviyyəsində inkişafının bariz nümunəsinin şahidi olacaqsınız".

ATƏT nümayəndələri dünya ölkələrində mövcud olan qeyri-tolerant yanaşmaların Azərbaycanda olmamısından məmnunluğunu ifadə ediblər. Bildiriblər ki, Azərbaycanda olan tolerant mühit hazırda dünya ölkələrinin əksəriyyətində mövcud deyildir. Bu isə Azərbaycanın dini, milli və irqi ayrı-seçkilik məsələlərinə nə dərəcədə həssas yanaşmasının nümunəsidir. Dövlət komitəsnin sədri bu məsələyə münasibət bildirərək qeyd edib ki, Azərbaycanda olan tolerantlıq modeli digər dünya ölkələri üçün də örnək ola bilər. Görüşdə həmçinin ATƏT-lə birgə bu mövzuda həyata keçirilə biləcək konkret layihələr müzakirə olunub.

Qeyd edək ki, görüşdə ATƏT-in Tolerantlıq və Qeyri-ayrı seçkilik İdarəsinin və Dövlət Komitəsinin məsul əməkdaşları iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə