Yeni Azərbaycan Partiyası-20 qələbə yolu

Yeni Azərbaycan Partiyası-20 qələbə yolu

Yeni Azərbaycan Partiyası-20, tərəqqi, quruculuq, qələbələr yolu

Sıralarında 600 min nəfərə yaxın insanı birləşdirən Yeni Azərbaycan Partiyası (YAP) 20 illik yubileyini qeyd edir. Bu əlamətdar gün təkcə partiyada deyil, doğma xalqımız tərəfindən, Vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə inanan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılanır. Partiyamız 20 il ərzində keçdiyi şanlı mübarizə tarixində ümumxalq partiyası olduğunu təsdiqləyib. YAP xalqımızın milli maraqları, dövlətçilik mənafeyi naminə onun öz istəyi, arzusu və təkidi ilə yaranmış bir partiyadır. Xalqımız məhz bu partiyanın sıralarında milli birlik, milli həmrəylik qazanaraq dövlət müstəqilliyini qorumağa və möhkəmləndirməyə, demokratik dövlət quruculuğu yolunda görkəmli nailiyyətlər əldə etməyə nail olub. Ən əsas başlıca səbəb budur ki, YAP-ın yaradıcısı, memarı dahi Heydər Əliyev xalqımızın ümummilli lideridir və müstəqil, demokratik Azərbaycan dövlətinin yaradıcısıdır. Məhz bu iki tarixi, siyasi reallıq kifayət edir ki, YAP-ın 20 illik yubileyi bütün ictimaiyyət tərəfindən böyük ictimai-siyasi hadisə, ümumxalq bayramı olaraq qeyd edilsin.

Partiyamızın 20 illik tarixi yolu şərəfli mübarizələr yolu, tərəqqi, quruculuq və qələbələr yoludur. Respublikamızın və şəhərimizin ictimai-siyasi həyatında özünəməxsus yeri olan və partiyanın yubileyini 26 min nəfərə yaxın üzvü ilə birgə qeyd edən Gəncə şəhər Təşkilatı da əlamətdar hadisə ilə əlaqədar geniş, silsilə tədbirlər planı hazırlayıb və bu günlərdə keçirilən şura iclasında təsdiq edilib.

SİA-nın verdiyi xəbərə görə, tədbirlər planına əsasən oktyabr ayının əvvəllərindən başlayaraq partiyanın yaradılmasının 20 illik yubileyinə həsr olunmuş, Gəncə-Qazax zonası üzrə şəhər və rayon təşkilatları arasında mini-futbol turniri keçiriləcək və respublika mini-futbol turnirində iştirak edəcək komanda müəyyən ediləcəkr. Həmçinin yubiley tədbirləri çərçivəsində şahmat turnirinin keçirilməsi, şəhər üzrə ağacəkmə kampaniyasının təşkili də nəzərdə tutulub.

Noyabr ayında ərazi ilk partiya təşkilatlarının nümayəndələrinin iştirakı ilə yubiley tədbirinin, ərazi ilk partiya təşkilatlarında partiya veteranları ilə gənclərin görüşünün, yerlərdə səyyar seminarların, ümumi yığıncaqların keçirilməsi nəzərdə tutulub. YAP-ın yaradıcısı Heydər Əliyevin irsinin davamçısı, Respublika Prezidenti, YAP-ın sədri cənab İlham Əliyevin fəaliyyət prinsiplərinin əsas istiqamətlərinin öyrənilməsi və təbliği məqsədi ilə mühazirələr, Yeni Azərbaycan Partiyası-20 il:"Tarixi zərurətdən yaranan partiya" mövzusunda ziyalıların, partiya fəallarının, tələbə-gənclərin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə elmi-praktik konfrans, "Gəncənin bu günkü inkişafının tükənməz mənbəyi və aparıcı qüvvəsi, Heydər Əliyev dühası və irsi ilə gündən-günə qüdrətlənən Yeni Azərbaycan Partiyasıdır","Gəncə Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyev yoluna sadiqliyini nümayiş etdirərək, bu gün öz tarixi inkişaf dövrünü yaşayır", "Yeni Azərbaycan Partiyası daim gəncləşən partiyadır" və "Azərbaycan 2020: gələcəyə baxış inkişaf konsepsiyası- dövlətimizin gəncləri diqqət və qayğının zirvəsində" mövzularında dəyirmi masalar təşkil olunacaq.

Tədbirlər planına partiya veteranlarının Gəncənin tarixi yerlərinə ekspres gəzintisini təşkil etmək, orta məktəb şagirdləri və ali məktəb tələbələri arasında Ulu Öndər Heydər Əliyevə həsr edilmiş şer müsabiqəsini keçirmək də daxildir. Böyük Heydər Əliyev şəxsiyyəti, həyatı və siyasi kursu daim dərindən öyrənilməli, geniş təbliğ olunmalıdır. Bu məqsədlə ziyalılar və elm adamları, partiya fəalları respublika və yerli televiziy kanallarında xüsusi verilişlər hazırlayacaq, KİV-də YAP-ın 20 illik fəaliyyəti barədə materiallarla çıxış edəcəklər.

Fərəhli haldır ki, 20 illik yubiley ərəfəsində partiya sıralarına qəbul olunmaq üçün daha çox müraciətlər vardır. Əqidəcə saf, yüksək intellektli ziyalı insanlar, nümunəvi tələbə-gənclər partiya sıralarına qəbul edilirlər. Partiyada cəsarətli, mübariz, fədakar gənclərə xüsusi dəstək verilir. Gənclər təhsil almaqla yanaşı, siyasi fəallıqlarını da artırmaq marağı ilə partiya sıralarına qoşulurlar.

YAP Gəncə şəhər Təşkilatının Qərargıhında partiya fəalları və ərazi ilk partiya təşkilatlarının rəhbərləri ilə mütəmadi görüşlər keçirilir, qarşıya qoyulan vəzifələrlə bağlı onlara müvafiq tövsiyə və tapşırıqlar verilir. İlk təşkilatlarda keçirilən tədbirlər yerlərdə canlanma və fəallığı daha da artırır. Nəinki ilk təşkilatlar, sıravi üzvlər də bir çox təşəbbüslərlə çıxış edirlər. Bu prosesdə, xüsusilə gənclər fəallıq göstərirlər. Hazırda partiya üzvlərinin 40 faizdən çoxu gənclərdir. Bu fakt onu göstərir ki, Azərbaycan gəncliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti birmənalı olaraq dəstəkləyir və sürətli inkişafın önündə getməyi özlərinə borc bilirlər. Gəncənin "Gənclər Paytaxtı" yarışmasının qalibi olması gənclərin uğurlu fəaliyyətinə daha böyük stimul vermişdir.

Partiyanın gənc üzvləri Gənclər Birliyinin tədbirlərində, "Yay məktəbi" və "Qış məktəbi" layihələrində fəal iştirak edirlər. Bu layihələrdə gənclər arasında yeni dostluq münasibətləri formalaşır, gənclər öz bilik və bacarıqlarını nümayiş etdirirlər.

Gəncə şəhər Təşkilatının partiya sıralarına qəbul olunmaq üçün ötən 8 ayda müraciət edən və üzvlük bileti alan 566 nəfərdən 318 nəfərini gənclər, 345 nəfərini qadınlar təşkil edib. Onlardan 205 nəfəri ali təhsillidir.

26 sentyabr 2012-ci ildə partiyanın Qərargahında Gəncə şəhər Musiqi Kollecindən 43 nəfərə, AzMİ Gəncə filialından 37 nəfərə üzvlük vəsiqələrinin təqdimat mərasimi olub.

YAP Gəncə şəhər Təşkilatının sədri İsrafil İsmayılov partiyanın 20 illik yubileyi ərəfəsində YAP-ın yeni üzvlərini təbrik edib. O, çıxışında ulu öndərin siyasi kursunu layiqincə davam etdirən, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qazanılan uğurlardan, ümumxalq partiyası olan YAP-ın şərəfli mübarizə yolundan və nüfuzundan, iqtidara böyük inam və etibarın ifadəsi olaraq YAP sıralarının gündən-günə genişlənməsindən danışıb. Eyni zamanda möhtərəm Prezidentimizin tövsiyə və tapşırıqlarını yüksək səviyyədə həyata keçirən şəhər rəhbərliyinin səmərəli fəaliyyəti, yüksək təşkilatçılığı sayəsində doğma Gəncəmizin tərəqqisindən, partiya fəallarının bu tərəqqidə xüsusi payı olduğundan söhbət açıb. O vurğulayıb ki, bu gün sıralarımıza qoşulanların hər biri ikiqat fərəh və sevinc içindədir. Çünki Gəncə iki böyük tarixi hadisəni qeyd edir. Ümumxalq partiyası olan YAP-ın yaradılmasının 20 illik yubileyini və böyük türk dünyasında, respublikamızda və şəhərimizdə korifey sənətkar, dahi Şeyx Nizaminin anadan olmasının 870 illik yubileyini təntənə ilə qeyd edir. Unudulmaz hadisələrlə əlamətdar olan 2012-ci il sonsuz sevinc və fərəh hissi içərisində olan şəhər sakinlərinin yaddaşında əbədi qalacaq. Çünki bu yaxınlarda biz həm də XXX Yay Olimpiya Oyunlarından Azərbaycana ilk qızıl medal gətirən gəncəli Toğrul Əsgərovun qələbəsini qeyd etdik. Bu fakt özlüyündə Gəncə gənclərinin uğurlarının və qələbələrinin parlaq göstəricisidir.

Şəhər Təşkilatının sədri partiya üzvlərinin ulu öndərin müqəddəs ideyalarının fəal təbliğatçıları olacaqlarına, bundan sonra da coşqu və əzmkarlıqla çalışacaqlarına əminliyini bildirərək, siyasi fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Partiyaya qəbul edilənlər qüdrətli və nüfuzlu siyasi təşkilat olan YAP-ın 20 illik yubileyi ərəfəsində, Gəncənin böyük quruculuq inkişafı dövründə partiyanın üzvü olduqlarından fəxr duyduqlarını, ölkə Prezidenti cənab İlham Əliyevin siyasi kursunu daim dəstəkləyəcəklərini, partiyanın həyata keçirdiyi tədbirlərdə daha fəal, mübariz və prinsipial mövqedən çıxış edəcəklərini, şəhərin abadlıq-quruculuq işlərində bundan sonra da yaxından iştirak edəcəklərini, vətənimizin tərəqqisinə var qüvvələri ilə çalışacaqlarını bəyan ediblər. Onlar hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə ölkə Prezidentinə, şəhər rəhbərliyinə dərindən minnətdar olduqlarını, göstərilən etimadı şərəfli işləri ilə doğruldacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə