85 nömrəli orta məktəbin yeni korpusu açıldı

Prezident İlham Əliyev açılış mərasimində iştirak edib
85 nömrəli orta məktəbin yeni korpusu açıldı

Bu gün Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki R.Abdinov adına 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimi olub. Azərbaycan Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Bakının kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin icrası ilə əlaqədar dövlətimizin başçısı paytaxtın Suraxanı rayonunda görülən işlərlə tanış olarkən Yeni Suraxanı qəsəbəsinin sakinləri 85 nömrəli orta məktəbin bir korpusunun tamamilə yararsız vəziyyətdə olduğunu bildirib və bu tədris ocağının yenidən qurulmasına kömək göstərilməsini xahiş etmişdilər.

Prezident İlham Əliyev yeni korpusun inşa olunması ilə bağlı yerindəcə göstərişlər vermişdi. 2011-ci ilin iyulunda dövlətimizin başçısı məktəbin kollektivi ilə birlikdə yeni tədris korpusunun təməlqoyma mərasimində iştirak etmişdi. Üç mərtəbədən, 27 otaqdan ibarət yeni korpusun tikintisi qısa vaxt ərzində müasir tələblər səviyyəsində başa çatdırılıb.

Azərbaycan Prezidenti İlham Əliyev yeni korpusun rəmzi açılışını bildirən lenti kəsib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verib. İnşa olunan yeni korpusda 480 şagird təhsil alacaqdır.

Üç korpusdan ibarət 85 nömrəli məktəbdə ümumilikdə 840 şagirdin təhsil aldığı bildirilib. Dövlətimizin başçısı yeni korpusun foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin təhsil sahəsində gördüyü işləri əks etdirən fotostendə baxıb. Burada şagirdlərin təhsil almaları üçün bütün şəraitin yaradıldığı vurğulanıb. Prezident İlham Əliyev ayrı-ayrı sinif otaqlarına və fənn kabinetlərinə baxdı, buradakı şəraitlə yaxından tanış olub.

Fizika, kimya və digər fənn kabinetlərinin, təcrübə laboratoriyalarının tədris üçün lazım olan ən müasir avadanlıqla təchiz olunduğu qeyd edilib. Məktəbin ərazisində yeni dərs ilinə qədər idman və akt zallarının, yeməkxananın inşa olunacağı da nəzərdə tutulur. Ərazidə açıq idman meydançasının salınacağı da vurğulanıb.

85 nömrəli məktəbin yeni korpusunda yaradılan şəraitlə tanışlıqdan sonra dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə