Millət vəkili Sədaqət Vəliyeva seçicilərilə görüşüb

Millət vəkili Sədaqət Vəliyeva seçicilərilə görüşüb

Dünən Nizami rayonunun 24 saylı seçki dairəsindən millət vəkili seçilmiş YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva seçiciləri ilə məhəlli görüşlər keçirib. SİA-nın verdiyi məlumata görə, Nizami rayonu B.Nuriyev-71, İ.Məmmədov-7 və Q.Qarayev-114 ünvanında sakinlərlə görüş keçirən millət vəkili onların problemlərilə maraqlanıb.


Belə ki, B.Nuriyev-71 küçəsinin sakinləri millət vəkilini binanın zirzəmisinin bərbad durumu ilə tanış ediblər. Sakinlərlə bərabər şəxsən zirzəmiyə baş çəkən Sədaqət Vəliyeva lazımi tədbirlərin görülməsi üçün əlaqədar təşkilatlara müraciət edib. Problemin tezliklə aradan qaldırılması üçün tədbirlər alınıb.


Daha sonra İ.Məmmədov-7 ünvanına baş çəkən millət vəkili mehriban və səmimi görüş əsnasında bina sakinlərinin problemlərini dinləyib. Əsasən su problemindən şikayətçi olduqları üçün operativ olaraq görüşə Nizami rayon Sukanal İdarəsinin rəisi Rövşən Kazımov da dəvət olunub və yerindəcə problemlər araşdırılıb.


Son olaraq, Q.Qarayev-114 sakinləri də Sədaqət Vəliyeva ilə görüşüblər və binanın həyətinin abadlaşdırılması üçün millət vəkilinin dəstəyinə ehtiyacları olduqlarını qeyd ediblər.


Hər bir sakinin problemi ilə yaxından tanış olan Sədaqət Vəliyeva lazımi köməklikləri göstərəcəyinə söz verib.


Bütün görüşlərdə isə sakinlər ölkə Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti hər zaman dəstəklədiklərini və hakimiyyətin ətrafında sıx birləşdiklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə