Türk Ocaqlarının 100-cü ildönümü ilə bağlı İspartada təşkil edilən tədbirdə iştirak edən millət vəkili Qənirə Paşayeva Türk Ocaqlarının fəaliyyətinə verdiyi dəstəyə görə mükafata layiq görülüb. SİA-nın məlumatına görə, mükafata təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva çıxışında bildirib: "Bu gün Əli Bəy Hüseyinzadənin, Əhməd Bəy Ağaoğlunun və "Türk Ocaqları"nın qurulmasında böyük xidmətləri olmuş digər böyük türk aydınlarının ruhunun şad olduğu gündür. Məhz onlar "Türk Ocaqları"nın qurucuları olmuş, silahdaşları ilə bərabər bu qurumu qardaş ölkənin ən nüfuzlu təsisatlarından biri halına gətirmişlər. Burda iştirak edən hər kəs çox bəxtiyardır ki, "Türk Ocaqları"nın 100 illik şərəfli yubileyinin iştirakçısıdır. Türk Ocaqlarının 100-cü ildönümü tədbirləri Bakıda da yüksək səviyyədə keçirilmişdir".
Qənirə Paşayeva Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı münasibətlərin bütövlükdə Türk Dünyası üçün önəm daşıdığını vurğulayaraq, iki qardaş ölkənin tərəqqisinin digər türksoylu respublikalar və əslində bütün region və türk dünyasının birliyi və bərabərliyi üçün faydalı olduğunu qeyd etdi.
Dağlıq Qarabağ münaqişəsinin tarixi və nəticələri, Ermənistanın təcavüzkar siyasəti barədə real faktlara əsaslanaraq ətraflı məlumat verən millət vəkili Qənirə Paşayeva problemin sülh yolu ilə həlli istiqamətində Azərbaycanın göstərdiyi səylərdən və Ermənistanın destruktiv mövqeyindən danışdı.
Qarabağ həqiqətlərinin daha geniş şəkildə yayılmasında ortaq mövqeyin nümayiş etdirilməsinin əhəmiyyətini vurğulayan millət vəkili Qənirə Paşayeva Dağlıq Qarabağ münaqişəsinin bütün türklərin problemi olduğunu bildirmişdi: "Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir Türk insanı Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində səylərini artırmalıdır." Bu işdə böyüyən gəncliyin üzərinə böyük vəzifə düşdüyünü vurğulayan millət vəkili Qənirə Paşayeva gəncliyi İsmayıl Bəy Qaspirallının "Dildə, fikirdə, işdə birlik" və Azərbaycanın ümummilli lideri Heydər Əliyevin "Azərbaycan və Türkiyə bir millət iki dövlətdir" - ruhunda böyütmək olduğuna diqqəti cəlb edərək deyib: "Harada doğulmasından və yaşamasından asılı olmayaraq millətimizin böyüyən gəncliyinə tariximizi çox yaxşı öyrətməliyik ki, onlar tariximizə sahib çıxa bilsinlər", - deyə millət vəkili nitqinə davam etdi.
Millət vəkili Qənirə Paşayeva Azərbaycanın qondarma erməni soyqırımı idddialarına qarşı mübarizədə daim qardaş Türkiyənin yanında olduğunu bildirib və Azərbaycanın bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.
Çıxışının sonunda millət vəkili Qənirə Paşayeva "inşallah növbəti tədbirlərimizi birlikdə işğaldan azad edəcəyimiz Qarabağımızda keçirərik. İnşallah, birlikdə işğaldan azad edəcəyimiz Xankəndində, Şuşada, Xocalıda və digər o cənnət bölgələrimizdə görüşərik"- deyə qeyd etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB