“Akkord”un iki əməkdaşı uşu sanda üzrə dünya çempionu oldu - FOTO

İyunun 21-dən 25-dək İtaliyanın Tolmezzo şəhərində keçirilən uşu sanda üzrə dünya çempionatına 11 idmançı ilə qatılan Azərbaycan milli komandası bu yarışda 5 qızıl və 1 gümüş medal qazanıb. SİA-nın verdiyi məlumata görə, aralarında "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC-nin iki əməkdaşının da olduğu qalib idmançılar iyunun 26-da vətənə dönüblər.

Heydər Əliyev hava limanında idmançılar "Akkord"un çoxsaylı əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar. Qarşılanma mərasimində iştirak edən televiziya jurnalistlərinin suallarını cavablandıran idmançılar - Korporasiyanın sponsorluq etdiyi "Qızıl Əlcək" İdman Klubunun yetirməsi olan Pərviz İsayev və Vüqar Nəsibov çətin mübarizə şəraitində keçən çempionatda qazandıqları qələbə haqqında danışıblar. Hər iki idmançı əldə edilən qələbənin çalışdıqları Korporasiyada onlar üçün yaratdılan məşq və iş şəraiti ilə əlaqəsini xüsusi vurğulayıblar.


Milli komandanın tərkibindəki digər idmançılardan Emil Hacıyev, Nurlan Aslanov və Babək Hüseynov da bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.


Qeyd edək ki, İtaliyanın Tolmezzo şəhərində keçirilən uşu sanda üzrə dünya çempionatına 42 ölkədən 1300-dək idmançı qatılıb. Azərbaycan idmançıları bu yarışda göstərdikləri ümumi nəticəyə əsasən, komanda hesabında mundialın ikincisi olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə