Macarstanlı qonaqlar Milli Məclisdə olublar

Macarstanlı qonaqlar Milli Məclisdə olublar

Milli Məclisin sədri Oqtay Əsədov Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb. SİA-nın xəbərinə görə, sədr belə səfərlərin ali qanunverici orqanlar arasında münasibətlərin inkişafına xidmət etdiyini deyib. Qeyd edilib ki, dövlət başçılarının görüşləri və aparılan danışıqlar münasibətlərimizin hərtərəfli inkişafında mühüm rol oynayır. Ölkələr arasında siyasi dialoq bu gün yüksək səviyyədədir. Azərbaycan onun dövlət müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi Macarıstanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir. Xalqlar arasındakı tarixi və mədəni yaxınlıq əlaqələrin daha da möhkəmlənməsinə və inkişafına yaxşı zəmin yaradır. İqtisadi, enerji, ticarət sahələrində əlaqələrin dərinləşməsi üçün yaxşı imkanlar vardır. Mütəmadi olaraq biznes forumların keçirilməsi bu münasibətlərin daha da dərinləşməsinə səbəb olur.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Marton Cöncösi ölkəyə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq bildirib ki, Azərbaycan Cənubi Qafqazda Macarıstanın strateji tərəfdaşıdır və onun ölkəsi ikitərəfli münasibətləri daha da dərinləşdirmək niyyətindədir. Siyasi dialoqun yüksək səviyyədə olması həyatın digər sahələrində əlaqələrin inkişafına öz müsbət təsirini göstərməkdədir. Əməkdaşlığın daha da dərinləşməsi eyni tarixi kökləri bölüşən xalqlarımızın mənafeyinə xidmət edir.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan qonaq problemlə əlaqədar ölkəmizin üzləşdiyi çətinlikləri yaxşı başa düşdüyünü söyləyib. Bildirilib ki, ötən əsrin əvvəlində Macarıstan da haqsız təsirlərə məruz qalmış, oxşar problemlərlə üzləşib. Bu baxımdan macar xalqı azərbaycanlıları yaxşı anlayır, problemin tezliklə aradan qaldırılması üçün öz dəstəyini göstərməyə hazırdır.

Qeyd edək ki, ölkədə səfərdə olan Macarıstan parlamentinin nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə