Regionlarda ruhi xəstəxanalara baxış keçirilib

Regionlarda ruhi xəstəxanalara baxış keçirilib

Müvəkkil Elmira Süleymanova respublikanın baş psixiatrı Gəray Gəraybəyli ilə birgə Gəncə şəhər ruhi-əsəb xəstəxanasına, Mingəçevir psixonevroloji dispanserinə, Qazax və Şəki rayonlararası ruhi xəstəxanalarına baxış keçirib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, onlar xəstələrlə görüşüb, həmin müəssisələrdə onların saxlanma şəraitini, qidalanması və müalicə vəziyyətini öyrənib. O, bu baxışların nəticələri ilə bağlı müvafiq qurumlara müraciətlər etmiş və tövsiyələr verib. Habelə Ombudsmanın təşəbbüsü ilə psixiatriya sahəsindəki problemlərə həsr edilmiş regional müşavirələr keçirilib, həkimlər üçün ruhi xəstələrə Avropa standartlarına uyğun tibbi xidmət göstərilməsi və rəftarla bağlı təlimlər təşkil edilib.

Baş psixiatr Gəray Gəraybəyli giriş sözü ilə çıxış edərək, tədbirin məqsəd və məramını açıqlayıb, Ombudsmanla bu sahədə əməkdaşlığı yüksək dəyərləndirib. O, bu yaxınlarda \"Psixiatriya yardımı haqqında\" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsinin əhəmiyyətini vurğulayıb, psixiatriya sahəsində mühüm tədbirlərin həyata keçirildiyini və davam etdiriləcəyini deyib, həmçinin ruhi xəstəlikdən əziyyət çəkən xəstələrin vəziyyətini, onların hüquqlarının müdafiəsini Ombudsmanın daim diqqətdə saxlamasını müsbət dəyərləndirib. İştirakçılara Ruhi xəstələrin müdafiəsi və psixiatrik yardımın yaxşılaşması prinsipləri, Avropa standartıarı əks olunmuş materiallar paylanmış və psixiatrların peşəkarlığının artırılması məqsədilə treninqlərin keçirilməsi zəruri hesab edilib.

Sonra Ombudsman Baş psixiatr, habelə MPM qrupunun üzvləri olan Gəncə regional mərkəzinin əməkdaşları ilə birgə Gəncə şəhər ruhi-əsəb xəstəxanasına növbəti başçəkmə həyata keçirib. Ombudsman xəstəxanadakı inzibati otaqlara, palatalara baxıb, burada saxlanılan və müalicə olunanların vəziyyəti ilə tanış olub. O, xəstələrlə görüşüb, onların saxlanılma şəraitini, müayinə və müalicə prosesini öyrənib. Söhbət zamanı xəstələrlə rəftar, onların qidalanması, ərzaq məhsulları və dərman preparatları ilə təmini vəziyyəti də araşdırılıb. Müxtəlif məzmunlu məsələlərlə bağlı müraciət etmək istəyən xəstələr dinlənilib, onların problemləri öyrənilib.

Gəncə şəhər ruhi-əsəb xəstəxanasının baş həkimi İlham İbrahimov 2012-ci ildə müəssisəyə 217 xəstənin qəbul olunduğunu, 211 nəfərin isə evə buraxıldığını qeyd edib. Növbəti monitorinq zamanı xəstələr üçün ayrılmış gündəlik qidalanma xərclərinin artırılmasına ehtiyac olduğu, gənc mütəxəssislərin psixiatrik müəssisələrdə işləməyə maraq göstərmədiyi müəyyən edilib, xəstələrin ailələri ilə müntəzəm əlaqələrin saxlanılması tövsiyə olunub. Xəstəxananın baş həkiminə Ruhi xəstələrin müdafiəsi və psixiatrik yardımın yaxşılaşması prinsipləri əks olunmuş materiallar təqdim edilib.

Həmçinin Ombudsman və onun MPM qrupunun üzvləri olan Şəki regional mərkəzinin əməkdaşları baş həkimlə birgə Şəki rayonlararası psixiatriya xəstəxanasına da baxış keçirmiş, burada müalicə olunan xəstələrlə görüşərək, onların şəraitini, vəziyyətini və problemlərini araşdırıb. Bu xəstəxananın baş həkimi Akif Əsədullayev rəhbərlik etdiyi sağlamlıq müəssisəsinin Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarını əhatə etdiyini, hazırda 74 xəstənin, o cümlədən 29 qadının müalicə olunduğunu bildirib.

E.Süleymanova müəssisədə şəraitin daha da yaxşılaşdırılması ilə bağlı xəstəxana rəhbərliyinə tövsiyələr verib.

Bütün xəbərlər Facebook səhifəmizdə