Deputat Rəfael Hüseynov AŞPA-nın komitəsində məruzə edəcək

Deputat Rəfael Hüseynov AŞPA-nın komitəsində məruzə edəcək
Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvü deputat Rafael Hüseynov mayın 20-dən 22-dək Fransanın paytaxtı Parisdə səfərdə olacaq. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, deputat qurumun Hüquqi işlər və insan haqları Komitəsinin iclasında iştirak edəcək. Avropa Şurası Parlament Assambleyasının həmin komitəsində üzv ölkələrdə hüquq müdafiəçilərinin vəziyyəti, siyasi motivli cinayətə görə məsuliyyətin digər cinayətlərdən fərqləndirilməsi, insan haqları və ailə məhkəmələri mövzularında məruzələr dinləniləcək. İclasda siyasi məhbuslar məsələsinə yenidən baxılacaq.


Daha sonra Rafael Hüseynov AŞPA-nın Mədəniyyət, elm və təhsil Komitəsinin iclasına qatılmaq üçün mayın 28-də Rumıniyanın paytaxtı Buxarest şəhərinə səfər edəcək. Millət vəkilinin iştirak etdiyi həmin iclasda "Avropada ali təhsil məkanının möhkəmlənməsi və beynəlxalq şəffaflıq" mövzusunda məruzə edəcək. Sonra məruzə ətrafında müzakirələr aparılacaq.
Mədəniyyət, elm və təhsil Komitəsinin iclasında Avropada ali təhsil müəssisələrinin idarəçiliyi, həmçinin Avropada mədəniyyət və mədəni irs məsələlərinə diqqət yetiriləcək. Mədəniyyət, media, təhsil, elm, gənclər və idmanla bağlı fikir mübadiləsi aparılacaq.
Deputat AŞPA-nın hər iki komitəsində müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın maraqları baxımından mövqe bildirəcək. Səfər mayın 31-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə