“Özünədəstək”-birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunan ailələrlə görüş keçirilib
Xaçmaz rayonunda "Özünədəstək"- birdəfəlik ünvanlı sosial yardım layihəsinə cəlb olunan ailələrlə görüş keçirilib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov layihəyə cəlb olunan ailələrlə görüşündə bu proqramın icrasının aztəminatlı ailələrin daimi məşğulluğuna, onların yaşayışına müsbət təsir göstərdiyini bildirib. Ailə təsərrüfatını inkişaf etdirmək, özünütəmin etmək imkanlarını artırmaq üçün müvafiq potensiallara malik olan hər bir aztəminatlı ailənin bu layihəyə cəlb ediləcəyi vurğulanıb. Görüşdə eyni zamanda həmin ailələrə yeni layihənin xüsusiyyətləri, layihəyəyə cəlb olunmaq üçün ailə planının hazırlanması barədə izahatlar verilib.
Hazırda Tovuz, Masallı, İsmayıllı və Bakının Nizami rayonları pilot layihəsinə cəlb edilib. Proqrama əsasən şəxsi yardımçı təsərrüfatlarını inkişaf etdirmək və səmərəli əmək fəaliyyətilə məşğul olmaq istəyən ailələrə bir il ərzində ala biləcəkləri ünvanlı sosial yardımın məbləği qabaqcadan birdəfəlik formada ödənilir. Bu məqsədlə ailə və ərazi üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzi arasında tərəflərin hüquq və vəzifələri qeyd edilən "Sosial müqavilə" imzalanır. Sosial yardım proqramlarında iştirakçıların məsuliyyətinin, onlara dövlət tərəfindən verilən yardımların effektliliyinin artırılması məqsədilə imzalanan "Sosial müqavilələr" respublikamızda ilk dəfədir ki, tətbiq edilir.
Qeyd edək ki, tədbir çərçivəsində "Özünədəstək" layihəsinin iştirakçısının mənzil və təsərrüfat şəraiti ilə tanış olunub.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB