“The business year” jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib - FOTOLAR
Bu gün Bakıda "The business year" jurnalının Azərbaycana həsr olunmuş "Azerbaijan 2012" xüsusi buraxılışının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, ictimai-siyasi xadimlər iştirak edib.
İlk öncə xüsusi buraxılış barədə ətraflı məlumat verən jurnalın regional direktoru Betül Cakaloğlu bildirib ki, bu buraxılış "Evrovision"a həsr olunub. Jurnalda 160-dək dövlət və iş adamından müsahibələrin yer aldığını deyən B.Cakaoğlu vurğulayıb ki, o cümlədən, prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevadan müsahibələr alınıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə qeyd edib ki, jurnal ikinci nömrəsini Azərbaycana həsr edir. İki ildir dünyanın diqqətinin \"Eurovision\"la bağlı Azərbaycana yönəldiyini deyən Ə.Həsənov deyib ki, qonşular Azərbaycan xalqının mədəniyyətindən bəhrələnərək öz mədəniyyətlərini yaratmağa çalışırlar: "Biz mədəniyyətimizlə, azərbaycanlı olduğumuzla fəxr edirik. Bəzi QHT-lər, mətbuat orqanları ciddi cəhdlə Avropa Yayım Birliyinə təzyiq göstərməyə çalışırlar ki, \"Eurovision\" Azərbaycanda keçirilməsin. İki-üç hadisəni şişirdərək bundan təzyiq yaratmaq üçün istifadə etməyə, ölkənin imicinə zərbə vurmağa çalışırlar. Təəssüflər olsun ki, dünyada informasiya monopoliyası yaratmaq istəyən agentliklər və televiziyalar var. Biz imicimizə ziyan vuranlara, Azərbaycana qarşı atılan böhtanlara qarşı mübarizə aparmalıyıq. Azərbaycan mövcud mili-mənəvi dəyərlər, siyasi plüralizm, din baxımdan bəzi Avropa ölkələrindən irəlilədir. Bunu qısqanclıqla qarşılayan bəzi qüvvələr ölkəmizin imicinə ziyan vurmağa çalışırlar".
Ə. Həsənov qeyd edib ki, "Eurovision" Azərbaycan üçün imkan deyil, məqsəddir. Onun sözlərinə görə, burada məqsəd Azərbaycanın mövcud mədəniyyətini, tolerantlığını dünya ictimaiyyətinə çatdırmaqdır. \"Bütün dünyaya göstərəcəyik ki, biz nəinki \"Eurovision\"u keçirə bilərik, hətta onu daha yaxşı təşkil edə bilərik. Bura gələnlər Azərbaycandan dost kimi gedəcəklər\",- deyə PA rəsmisi bildirib.
Bu gün Azərbaycanın BMT Təhlükəsizlik Şurasına rəhbərlik etdiyini deyən Əli Həsənov qeyd edib ki, bu günlərdə prezident İlham Əliyev BMT tribunasından, idarəçilik kürsüsündən Cənubi Qafqazdakı vəziyyət, ermənilərin işğalçılıq siyasəti barədə məlumatları səsləndirib.
Tədbirdə çıxış edən Əbülfəs Qarayev isə vurğulayıb ki, bir il ərzində Azərbaycanın turizm potensialı barədə məlumatlar 15 ölkədə təqdim olunur. Onun sözlərinə görə, ölkəmiz ən azı 10 sərgidə iştirak edir. Ə.Qarayev qeyd edib ki, keçən il Azərbaycana gələn turistlərin sayı 2 milyon 234 min olub yəni 14% artıb: "Azərbaycandakı yerləşdirmə yerlərinin sayı 35 mini keçib. Son illər Heydər Əliyev Fondu tərəfindən də bu sahədə layihələr həyata keçirilir. Bununla da Azərbaycan mədəniyyəti yeni müstəvidə təqdim olunur".
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov isə vurğulayıb ki, Azərbaycan qlobal iqtisadi böhrandan şərəflə çıxan azsaylı ölkələrdən olub. Onun sözlərinə görə, ölkədə yoxsulluq problemi həllini tapıb, 4 milyondan artıq insan yoxsulluq həddinən çıxıb: \"Yoxsulluq həddi 8 ildə 4 dəfə azaldılıb, hansı ki, bir çox ölkələrdə bu bir neçə onillik tələb edir. Son 10 ildə əhalinin gəlirlərinin orta illik artımı 22% təşkil edib. Xarici ticarətdə tərəfdaşların sayı 2 dəfə artıb. Prezident İlham Əliyevin göstərişlərinə əsasən yaxın 10 ildə ölkə iqtisadiyyatının həcmi 2 dəfə artacaq. Bu artımla Azərbaycan yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Dövlət investisiyaları son 8 ildə 40 dəfə artaraq 32 milyard dollardan çox olub. Strateji ehtiyatlar dövlət borcunu 10 dəfə üstələyib. Ölkənin tədiyyə balansında profisit yaranıb".
Azərbaycan Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov isə fondun fəaliyyəti barədə ətraflı məlumat verib. O bildirib ki, fonda bu günədək 70 mlrd. dollardan artıq vəsait daxil olub. Hazırda ARDNF-də 32 milyard dollardan artıq vəsaitin mövcud olduğunu deyən Ş.Mövsmov qeyd edib ki, fond tərəfindən ölkənin sosial-iqtisadi həyatına daxil olan çoxsaylı layihələr də maliyyələşdirilib.
Tədbirin davamında "Gilan Holding" şirkətlər qrupunun rəhbəri Rəşad Qasımov və digər şəxslər çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB