Elxan Poluxovun Cənubi Afrikanın “Beeld” qəzetində müsahibəsi dərc edilib

Elxan Poluxovun Cənubi Afrikanın “Beeld” qəzetində müsahibəsi dərc edilib
Cənubi Afrikanın "Nuus24" media şirkətinin "Beeld" qəzetində Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfiri Elxan Poluxovun "Səfir ticarət əlaqələrinin başlanmasını istəyir" başlıqlı müsahibəsi dərc edilib. Səfirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, məqalədə səfir E.Poluxovun Azərbaycan Respublikasının Cənubi Afrikaya təyin edilmiş ilk səfiri olduğu və səfirliyin açılmasında əsas səbəbi Cənubi Afrika Respublikasının qitənin ən aparıcı dövləti olması, Afrikanın cənubu və mərkəzinə aparan əsas "qapı" rolunu oynaması qeyd edilib.

Səfir E.Poluxov müsahibəsində iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsinə ehtiyac olduğunu və bu məqsədlə gələcəkdə Azərbaycandan iş adamlarının Cənubi Afrikaya gətirilməsinin zəruri olduğunu bildirib. Azərbaycanla Cənubi Afrika Respublikası arasında enerji daxil olmaqla, turizm və digər sahələrdə əməkdaşlığın qurulmasının mümkünlüyünü qeyd edən diplomat azərbaycanlı iş adamlarının CAR-a maraq göstərəcəklərinə inandığını bildirib. İki ölkə arasında əməkdaşlığın inkişafı üçün həmçinin Cənubi Afrika Respublikasının Azərbaycanda səfirlik açmasının əhəmiyyəti vurğulanıb.

Məqalədə həmçinin Səfirin Keyp Taun şəhərində yerləşən Keyp Ticarət Palatasında yerli iş adamları üçün təşkil edilmiş ölkəmizin təqdimat sessiyasında iştirak etdiyi vurğulanıb.
"Beeld" qəzeti gündəlik dövriyyəsi 100.000 nüsxəyə yaxın olan nüfuzlu qəzetlərindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə