Mübariz Əhmədoglu: “İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın mövqeyinin artmasından narahatdır"

Ermənistanda parlament seçkilərinin demokratik olmayacağını indidən söyləməyə tam əsas var. Seçici siyahılarında kütləvi saxtakarlıq, bəzən bir ünvana hədsiz çox adların daxil edilməsi az rast gəlinən hal deyil. Adamların adı, ata adı və soyadında hərfləri dəyişməklə bir seçicini bir neçə seçiciyə çevirirlər. SİA-nın məlumatına görə, bunu cümə axşamı keçirdiyi ənənəvi brifinqdə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib. "Qərb seçki öncəsi qüsurlara fikir verməməklə Serj Sarkisyanı dəstəklədiyini ortalığa qoydu. Artıq seçkilər üçün formalaşmış elementlər özünü göstərir: siyasi proseslər kriminallaşdırılır, ölüm halları qeydə alınır", - Əhmədoğlu deyib. Onun sözlərinə görə, Qərbin Serj Sarkisyana verdiyi dəstək müəyyən şərtlərlə bağlıdır. "Ermənistanın Rusiyanın təsir zonasından çıxması, İrana qarşı aksiyalarda iştirakı bu şərtlərin içərisində ola bilər. Qarabağ məsələsinin də bu şərtlər içərisində olması istisna deyildir. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin Ermənistandakı seçkilərə bağlanması ikibaşlı ola bilər", - politoloq vurğulayıb. Əhmədoğlu hesab edir ki, Sarkisyan seçkilərdən sonra Qarabağ tənzimlənməsi ilə bağlı vədlərinə əməl etməyə bilər. "Ermənistan rəhbərliyinin səsləndirdiyi, xüsusilə Dağlıq Qarabağla bağlı fikirlərin yalan və ya düz olmasını heç Sarkisyanın özü də ayırd edə bilməz. Seçkilər öncəsi təbliğat kampaniyasında Ermənistan dövlətçiliyinin olmaması ilə bağlı dedikləri Sarkisyanın öz yalan kələfində dolaşdığını göstərir. Bu səbəbdən Azərbaycan Qərblə Ermənistan arasındakı Qarabağ danışıqlarının pis tərəfini, yəni "Ermənistan İran və Rusiyaya qarşı Qərbin ssenarilərində iştirak edir, əvəzində Qərb Qarabağ məsələsində mövqeyini dəyişir" tezisini nəzərə alıb, onu neytrallaşdırmağa çalışmalıdır", - politoloq qeyd edib. Onun sözlərinə görə, "İran Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Azərbaycanın mövqeyinin artmasından narahatdır.


Günay İlqarqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...