Ombudsman media nümayəndələri ilə növbəti məsləhətləşmə keçirib

Ombudsman media nümayəndələri ilə növbəti məsləhətləşmə keçirib

3 May – Ümumdünya Mətbuat günü ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova media nümayəndələri ilə növbəti məsləhətləşmə keçirib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, müvəkkil hər bir kəsin informasiya almaq hüququ olduğunu, bu hüququn səmərəli təmin edilməsinin zəruriliyini vurğulayıb, vətəndaşlara, o cümlədən jurnalistlərə onları maraqlandıran məlumatları sərbəst şəkildə əldə etmək, toplamaq və yaymaq üçün zəruri şərait yaradılmasının vacibliyini nəzərə çatdırıb. Ombudsman mandatının genişləndirilməsi, ona verilmiş yeni səlahiyyətlərlə əlaqədar olaraq, təsisatda müvafiq hazırlıq işləri görüldüyünü, KİV təmsilçiləri, media hüquqları üzrə tanınmış ekspertlər, informasiya sahibləri olan dövlət qurumlarının nümayəndələri, mətbuat xidmətlərinin rəhbərləri ilə silsilə məsləhətləşmələr keçirdiyini söyləyib. O, həmin tədbirlərdə qarşıya qoyulan vəzifələrin açıqlandığını, Müvəkkilin yeni səlahiyyətləri barədə məlumat verildiyini, KİV, dövlət qurumları və QHT-lərlə əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu bildirib.

E.Süleymanova yeni səlahiyyətlərini həyata keçirmək üçün yaradılacaq yeni şöbə və onun struktur bölmələri barədə səlahiyyətli orqanlara təkliflər verdiyini və bunların 2012-ci ildə maliyyələşdiriləcəyinin bildirildiyini söyləyib. Ombudsman informasiya əldə etmək hüququ ilə bağlı daxil olmuş müraciətlərin təhlil olunduğunu, müvafiq qurumlara sorğular göndərildiyini, səlahiyyətləri çərçivəsində həmin müraciətlərin həlli üçün tədbirlər görüldüyünü vurğulayıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə təmsil etdiyi qurumun dövlət orqanlarının internet resurslarının monitorinqi üzrə həyata keçirdiyi layihələr barədə danışıb, Ombudsman Aparatında yaradılacaq müvafiq şöbənin həm də dövlət qurumlarının məlumatlarının internet vasitəsi ilə yayılmasına nəzarət etməsinin, online müraciət sisteminin təşkilinin vacibliyini söyləyıb.

Məsləhətləşmə canlı diskussiya şəraitində başa çatıb, belə tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə