Həmid Əliyev: \"Gəncləri yanlış yoldan çəkindirmək üçün əlimizdən gələni etməliyik” - MÜSAHİBƏ (Səs TV)

Həmid Əliyev: \"Gəncləri yanlış yoldan çəkindirmək üçün əlimizdən gələni etməliyik” - MÜSAHİBƏ (Səs TV)

Azərbaycanda dövlət səviyyəsində gənclərə göstərilən qayğı göz önündədir. Bu gün həmin qayğının nəticələrini bir çox sahələrdə gənclərin fəal iştirakında aydın görmək mümkündür. Mövzu ilə bağlı suallarımızı Səs TV də yayımlanan "Gənc baxış" rubrikasının qonaqları YAP Gənclər Birliyinin Xəzər rayon təşkilatının sədr müavini Həmid Əliyev və Birliyin idarə heyətinin üzvü Məxmər Rüstəmova cavablandırıb.


- Bu gün Azərbaycanda gənclərə göstərilən dövlət qayğısını qənaətbəxş hesab etmək olarmı?


Həmid Əliyev:

- Bu məqamda ilk olaraq 2011-2015-ci illər ərzində gənclərə qayğının artırılması və gənclər siyasətinin inkişaf etdirilməsi sahəsində ölkə prezidenti İlham Əliyev tərəfindən imzalanan dövlət proqramını qeyd etmək lazımdır. Bu proqramın əsas məqsədi gənclərin məşğulluq, təhsil və bir sıra digər problemlərinin həll edilməsi və onların ruhlandırılması, ictimai hadisələrdə rollarının artırılmasıdır. Bu proqram çərçivəsində görülən işlər göz qabağındadır və bunun sayəsində Azərbaycan gəncləri öz potensiallarını inkişaf etdirirərək məqsədlərinə doğru iti addımlarla irəliləyirlər. Düşünürəm ki, bu proqram da daxil olmaqla Azərbaycanda görülən bütün tədbirlər, dövlət başçısı tərəfindən genişləndirilən siyasətin önəmli parçasının gənclər olduğunu göstərir. Yəni bu gün ölkəmizdə gedən bütün proseslərdə gənclərə ayrılan diqqəti və göstərilən qayğını görməmək mümkün deyil. Mən bir gənc olaraq deyə bilərəm ki, özünün ideyası, məqsədi olan istənilən gənc bu gün Azərbaycanda görülən tədbirlərdən səmərəli istifadə edə bilər. Bu gün Azərbaycanda təhsil alan tələbələr eyni zamanda işlə təmin olunurlar. Yəni ali məktəb diplomu olmadan tələbələr üçün həm də iş şəraitinin yaradılması təqdirəlayiq haldır. Elə bu da məhz gənclərə dövlət tərəfindən göstərilən qayğının bariz nümunəsidir. Hədəfləri olan gənclər bu qayğıdan istifadə edərək arzularını həyata keçirib inkişaflarında inqilab yarada bilərlər. Onu da qeyd edim ki, əgər Azərbaycan gəncliyi bugünkü inkişaf xətti üzrə hazırki sürətlə irəliləsə bunun çox müsbət nəticələri olacaq və ölkəmiz də, gəncliyimiz də olduğundan daha yüksək pillələrdə yer alacaq.


Məxmər Rüstəmova:

- Bu gün respublika əhalisinin 1/3 hissəsini gənclər təşkil edir. Bu gün ötən illərlə müqayisədə həmin gənclərin ümumi inkişafına nəzər salsaq, fərq göz qabağındadır. Yəni Azərbaycan gənclərinin ilbəil, günbəgün ürətlə inkişaf etməsi təbii ki, müsbət haldır. Bu, eyni zamanda gənclərə göstərilən dövlət qayğısının da bariz nümunəsidir. Təbii ki, bir ölkədə qayğı göstərilmədən gənclərin inkişaf etməsi qeyri-mümkündür. Bu gün Azərbaycanda öz içində inkişaf həvəsi olan hər bir gənc üçün şərait yaradılıb və onlar istənilən sahədə özlərini təsdiqləyərək gələcək həyatları üçün önəmli addımlar ata bilərlər. İstər xaricdə təhsil alan gənclər, istərsə də gənclərin məşğulluq sahəsindəki fəaliyyətləri və ya digər bütün sahələrdə gənclərə xüsusi önəm verilir və bu gün həmin önəm özünü bir çox sahələrdə göstərir. Bu gün Azərbaycanda istedadlı gənclərin irəli çəkilməsi və onların inkişafı üçün müxtəlif addımlar atılması da saydığımız faktlar sırasındadır. Təbii ki, bəzi problemlər mövcud ola bilər, lakin bu heç də Azərbaycan gəncliyində ümumi bir nöqsan olduğu anlamına gəlmir. Yəni bəzi fikir ayrılıqları bu gün dövlətin gənclər siyasətinin yanlış olduğu formasında ifadə edilməli deyil. Çünki gənclərin inkişaf etməsi üçün görülən tədbirlərə qarşı kor olmaq hərhalda ədalətsizlik olar.


- Xaricdə təhsil alan gənclərlə bağlı fikir bildirdiniz. Sizcə xaricdə təhsil alan gənclərimiz Azərbaycanı beynəlxalq aləmdə necə təmsil edirlər? Gənc olaraq bu size qane edirmi?


Məxmər Rüstəmova:

- Bəli, xaricdə təhsil alan gənclərimiz bu sahədə böyük məsuliyyət daşıyırlar. Çünki ölkə həqiqətlərinin çatdırılmasında təbliğat işlərinin nə qədər önəmli olduğu hamımıza məlumdur. Bu gün Azərbaycan gənclərinə xarici ölkələrdə təhsil alıb gələcəklərini daha yüksək səviyyədə qura bilmələri üçün istənilən şərait yaradılıb. Həmin gənclər də ölkəmizin həqiqətlərini, uğurlarını, tarixi reallıqlarını təhsil aldıqları ölkədə təbliğ edirlər. Bu gün Azərbaycan gəncliyində hansısa problemlər olsa belə, ümumilikdə məhz bu suala cavabım müsbət yönlüdür. Çünki bu gün gənclərimiz xarici ölkələrdə Azərbaycanı lazımi səviyyədə təmsil etmələri üçün əllərindən gələni edirlər. Xocalı soyqırımı, 20 Yanvar və bir sıra digər hadisələrlə bağlı da gənclərimizin gördüyü tədbirlər buna sübutdur. Hər halda xarici ölkələrdə təhsil alan gənclər orada sahibləndikləri bilik və dünyagörüşünü gəlib Azərbaycanda tətbiq edirlər. Bu isə gənc nəslin düzgün inkişafına zəmin yaradır.


Əliyev Həmid:

- Bilirsiniz, qeyd etmək lazımdır ki, Azərbaycan gəncləri istənilən sahədə inkişafdadırlar. Yəni keçən illə müqayisədə bu il xaricdə təhsil alan gənclərin ölkəmizi düzgün təmsil etmə cəhdləri daha da artıb. Bu il görülən işlərə nəzər saldıqda deyə bilərik ki, Azərbaycan gəncləri təhsil aldıqları ölkələrdə Azərbaycanı layiqincə təmsil edə bilirlər. Məsələn, Xocalı faciəsi ilə bağlı bu il Türkiyədə kütləvi aksiya təşkil edilmişdi. Bu aksiyada Türkiyədə təhsil alan azərbaycanlı gənclər geniş kütləni əhatə edirdi və onlar həqiqətlərimizin çatdırılması üçün kifayət qədər önəmli işlər görürdülər. Xarici ölkələrdə təhsil alan gənclərimizin təşkil etdikləri bu cür tədbirlər Azərbaycan gənclərinin səsinin dünyaya çatdırılmasında önəmli rol oynayır. Bu gün hər bir Azərbaycan gənci təhsil aldığı xarici ölkədə öz vətəni ilə bağlı düzgün təbliğat aparmağa borcludur.


- Sosial şəbəkələrdə bəzi gənclərin Azərbaycan əleyhinə bir sıra çıxışlara qoşulmasının səbəbi nədir? Sizcə həmin gənclərin axtarıb tapmadıqları nədir ki, onlar ölkələrini dünyaya yanlış təqdim edirlər?


Məxmər Rüstəmova:

- XXI əsrin internet əsri olduğunu nəzərə alsaq, deyə bilərəm ki, bu gün sosial şəbəkələr güclü təsir imkanına malikdir. Yəni istənilən fikri və ya məlumatı bu gün sosial şəbəkələr vasitəsilə yaymaq, genişləndirmək və təbliğ etmək mümkündür. Xalq kütləsinin, xüsusən də gənclərin sosial şəbəkələrdəki aktivliyi göz qabağındadır. Ona görə də gəncləri yanlış yola çəkmək üçün sosial şəbəkələrdən istifadə edənlər bu fürsəti əldən vermirlər. Təbii ki, bu o demək deyil ki, gənclərimizin hamısı bu yolun yolçusudurlar. Amma nə qədər də olmasa Azərbaycan gəncliyinin nümayəndələrinin belə məsələlərdə adının hallanması təəssüf hissi doğurur. Biz belə gənclərin doğruları görə bilməsi və doğru yola qayıtması üçün əlimizdən gələni edirik. Lakin bu tədbirlərin hər dəfə müsbət nəticə verdiyini deyə bilmərik. Bu cür gənclərin nə istədiyinə gəldikdə isə bu çox qəliz sualdır. Mən şəxsən belə gənclərlə sosial şəbəkələr və digər vasitələrlə ünsiyyətdə oluram. Onlardan nə istədiklərini soruşanda elə cavablar alıram ki, bunu fakt kimi irəli sürmək belə mümkün deyil. Çünki onlar psixoloji cəhətdən təzyiq altında olan, öz düşüncə tərzlərini itirmiş şəxslərdir. Təxribat xarakterli hansısa çağırışlara qoşulmaqdan, vaxtlarını məhv olmağa xərcləməkdənsə hər halda inkişaf etmək üçün hansısa iş görsələr və problemləri ilə bağlı müraciət etsələr daha müsbət nəticələr əldə edərlər.


Əliyev Həmid:

- İlk olaraq bunu qeyd etmək lazımdır ki, bəli, az da olsa gənclərimiz arasında belələrinin olması xoş hal deyil və biz bunu təəssüflə dilə gətiririk. Lakin problemin nədən qaynaqlandığını müzakirə etməkdə fayda var. Hərhalda hamımız yaxşı bilirik ki, bu gün Azərbaycanın inkişafına qısqanclıqla yanaşan xarici və daxili qüvvələr kifayət qədərdir. Həmin qüvvələrin təşəbbüsü ilə hansısa çağırışlara qoşulan gənclər isə öz iradəsini itirənlərdir. Gəncləri yanlış yoldan çəkindirmək üçün əlimizdən gələni etməliyik. Lakin bu gənclərə təsir etmək o qədər də asan deyil. Çünki onlar çətinliklə, əziyyətlə pul qazanmaq düşüncəsindən uzaqdırlar. Onlar üçün ən rahat qazanc yolu oturduqları yerdən xarici təşkilatlara və pis niyyətli qüvvələrə xidmət etməkdir. Belə gənclərin nə gələcəyi, nə də bu günləri var. Onlar məğlubiyyətə və bataqlığa məhkumdurlar.

Bütün xəbərlər Facebook səhifəmizdə