Mədəniyyət və Turizm Nazirliyi ilə Dünya Turizm Təşkilatı birgə layihə həyata keçirəcək
Bu gün Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Dünya Turizm Təşkilatı (DTT) arasında kulinariya, mədəniyyət və turizm üzrə Beynəlxalq konfransın təşkilinə dair saziş imzalanıb. SİA xəbər verir ki, sazişi Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və DTT-nin şöbə müdiri Alla Peresolova imzalayıblar.
Tədbirdə çıxış edən Ə.Qarayev bu layihənin beynəlxalq təşkilatla birgə həyata keçirilən ilk tədbir olduğunu bildirib. Nazir qeyd edib ki, layihə Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycana artan marağın təzahürüdür və ölkəmizin beynəlxalq aləmdə tanınması, Dünya Turizm Təşkilatı ilə əlaqələrimizin genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tədbirdə Alla Peresolova Azərbaycan kulinariyasının zənginliyindən danışıb. Qonaq bildirib ki, Azərbaycanın beynəlxalq İpək Yolunun üzərində yerləşməsi bu layihənin həyata keçirilməsinin əhəmiyyətini daha da artırır.
Sazişə əsasən, bu il sentyabrın 6-7-də Bakıda "İpək Yolunun dadı" adlı layihə reallaşacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB