Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyəti və Milli Məclisin sədri Oqtay Əsədov Bakıda Dövlət Bayrağı Meydanında olublar. SİA-nın xəbərinə görə, əvvəlcə Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədrinə Prezident İlham Əliyevin Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsinə dair verdiyi tapşırıqlar əsasında Meydanın ətrafında aparılan abadlıq-quruculuq işləri haqqında məlumat verilib.
Bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə Sərəncam imzalayıb. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer Dövlət Bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib.
Məlumat
verilib ki, ümumi ərazisi 60 hektar olan meydanda
bütün infrastruktur yaradılıb. Meydanda inşa olunmuş
dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni
35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən
350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da
Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu
təsdiq edib.
Qeyd edilib ki, meydanda qurulmuş
Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi
qızıl suyuna salınmış bürüncdən hazırlanıb.
Rusiya Federasiyası Federal Məclisi Federasiya
Şurasının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda səkkizguşəli ulduz
formasında yaradılmış Dövlət Bayrağı Muzeyi ilə də tanış olub.
Bildirilib ki, muzeydə müxtəlif
dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o
cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə
aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif
illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının
nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə
müstəqil Azərbaycan dövlətinin yaranmasını və inkişafını, Prezident İlham
Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı
fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin
prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları,
Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun
növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada bu cür nadir muzeylərdən biri olan
Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının
Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu
təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə
Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış
bayraq da nümayiş edilir. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş
etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Valentina Matviyenkoya xatirə hədiyyələri təqdim olunub. Sonda Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədrinə "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Baku Crystal Hall"ın tikintisi və Dövlət Bayrağı Meydanının ətrafında aparılan abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verilib. Rusiyalı qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB